Kompüteri Uzunömürlü Etməyin Yolları

Kompüteri Uzunömürlü Etməyin Yolları

 Gündəlik həyatımızda kompüterlər, demək olar ki, hər sahədə istifadə edilir. Amma gecə-gündüz, ilin hər fəsil və durmadan çalışan kompüterlərin də bir yaşam ömrü var. Bununla belə müəyyən şərtlərə və qaydalara əməl etsək, bu sadiq dostlarımızın ömrünü uzada bilərik.


Bugünkü məqaləmizdə kompüterləri uzunömürlü etməyin yollarını göstərəcəyik. 


Tozdan qoruyun


 Kompüterin ən böyük düşmənlərindən biri, bəlkə də birincisi tozdur. Olduğunuz mühitin tozsuz olmasına və ya kompüterinizin toza məruz qalmamasına diqqət yetirin. Əgər kompüterinizi çox tozlu mühitlərdə istifadə edirsinizsə, həftədə bir dəfə, az tozlu mühitlərdə istifadə edirsinizsə 2-3 həftədə bir dəfə mütləq təmizləyin. 


Nəmdən qoruyun


 Kompüterlərin digər bir düşməni də nəmdir. Nəmli mühitdə olmamağa diqqət yetirin və kompüteri istifadə etdiyiniz otağı tez-tez havalandırın. Kompüterdən istifadə etmədiyiniz zaman onun üzərini bir örtü ilə örtün.

 

İstidən qoruyun 


 Kompüterlər üçün zərərli amillərdən biri də onların həddən artıq qızmasıdır. Kompüterinizi bağlı dolab və bənzəri mühitlərdə işlək vəziyyətdə qoymayın. Ümumiyyətlə, masaüstü kompüter istifadəçiləri PC korpuslarını qapalı məkanlarda yerləşdirirlər. Halbuki kompüter olan otaqlarda hava normal sirkulyasiya etməlidir. Və  bir də kompüterlərin korpusları elə yerləşdirilməlidir ki, onların hava çıxan dəlikləri örtülməmiş olsun. Dizüstü kompüterlərin isə yataq, divan və s. yumşaq yerlərdə istifadəsi zamanı ventilyasiya kanalları bağlı olduğundan soyutma sistemləri normal işləməyəcəkdir. Notebooklar üçün əlavə olaraq soyuducu altlıqların istifadə olunması da məsləhət görülür.


Yemək-içməkdən qoruyun


 Kompüter qarşısında yemək və içməkdən uzaq durun. Yemək qırıntıları və mayelərin kompüterin işlək hissələrinə tökülməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu həm də gigiyenik baxımdan da doğru deyildir. Belə ki, yemək qalıqları zamanla mikrobların yuva salmasına gətirib çıxara bilər.


İnsanlardan qoruyun


 Kompüterinizi istifadə etmədiyiniz zamanlarda onu etibarlı şəkildə (Shut Down) söndürün. Belə etsəniz həm kompüterinizin ömrü uzun olar, həm də elektrik enerjisinə qənaət etmiş olarsınız. Əgər istifadə etdiyiniz kompüter şəxsidirsə, onu başqalarının bəd əməllərindən qoruyun. Yaxşı olar ki, kompüteriniz şifrəli olsun, Siz olmadığınız müddətlərdə başqaları ondan istifadə edə bilməsin. Digər tərəfdən isə kompüter korpusunun arxa lövhəsini kilidləyin, əks halda bəd əməllilər kompüterin daxili qurğularını oğurlaya bilər.



Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.