Kompüterin "zibillərdən" Təmizlənməsi

Kompüterin "zibillərdən" Təmizlənməsi

 Bildiyiniz kimi kompüterin sabit yaddaşı hesab olunan sərt diskdə proqram faylları ilə yanaşı istifadəçinin faylları və müvəqqəti meydana gələn fayllar da yer alır. Bu müvəqqəti fayllar ayrı-ayrı proqramların daha sürətli və məhsuldar işləməsi məqsədilə meydana gəlirlər.


  Bu kimi müvəqqəti fayllar zaman-zaman sərt diskdə çoxalıb lazımsız yer tuturlar. Sərti diski bu cür lazımsız fayllardan təmizləməklə biz həm sərt diskdə əlavə yer qazanmış oluruq, həm də ümumilikdə sistemin işini yaxşılaşdırmış oluruq. Bu baxımdan mütəxəssislər kompüterdə həftədə ən azı bir dəfə təmizlik işlərini aparmağı məsləhət görürlər. Nəzərinizə çatdıraq ki, söhbət sistem diskindən (C diski) gedir.


 Bu dərsimiz Windows əməliyyat sistemi ilə çalışan kompüterin sərt diskini lazımsız fayllardan təmizləməyə həsr olunub.


 Gəlin addım-addım irəliləyək. Masa üstündə My Computer-ə daxil olun. Burada C diskinin üzərində mausun sağ düyməsini vurun və açılan kontekst menyudan Properties opsiyasını seçin:




 Bu zaman qarşınıza bir dialoq pəncərəsi çıxacaq. Burada Disk Cleanup düyməsinə basın:




 Bundan sonra kiçik bir dialoq pəncərəsi çıxacaq və təmizləmə proqramı disk həcmini qiymətləndirərək silinə biləcək faylların axtarışını həyata keçirəcək. Bu proses bir neçə dəqiqə davam edə bilər:




 Proses bitdikdən sonra isə ekrana növbəti pəncərə gələcək. Burada silinəcək fayllar və silinmədən sonra nə qədər boş yer əldə edəcəyiniz göstərilib. Siz siyahıda silmək istədiyiniz faylları seçib OK düyməsinə basın:




 Bu zaman ekrana təsdiqləməni bildirmək üçün dialoq pəncərəsi gələcək. Burada Delete Files düyməsinə basın:




 Bundan sonra təmizləmə proqramı öz işinə başlayacaq. Proses bir neçə dəqiqə çəkə bilər.




 Təmizləmə işi yekunlaşandan sonra disk həcmində nəzərə çarpan dəyişikliyi görəcəksiniz.



Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.