Faylların Birdəfəlik Silinməsi

Faylların Birdəfəlik Silinməsi

 Elektron informasiyanın əhəmiyyəti gün keçdikcə daha da artır. Əhəmiyyətli informasiyanı da etibarlı qorumaq lazımdır. Bir çox halda isə informasiyanın təhlükəsizlik niyyətilə kompüterin yaddaşından tam silinməsi tələb oluna bilər. Məsələn əgər kompüterinizi və ya hard diskinizi kiməsə bağışlamaq və ya satmaq istəsəniz ordakı məlumatların başqasının əlinə keçməsini istəməzsiniz.

 Tam silinmə isə sanıldığı qədər asan deyil. Bugünkü dərsimizdə kompüterin yaddaşında olan informasiyanı təhlükəsiz və birdəfəlik olmaq üzərə silməyin yolunu göstərəcəyik.

 Adi istifadəçilər elə bilirlər ki, faylları zibil qutusuna atmaqla silmək olar. Lakin zibil qutusundan faylları çıxarmaq və bərpa etmək mümkündür.

 Bir az daha təcrübəli istifadəçilər isə elə hesab edirlər ki, faylları zibil qutusunun özündən silməklə iş bitir. Lakin daha təcrübəli istifadəçilər bunun belə olmadığını və xüsusi proqramlar vasitəsilə hətta zibil qutusundan da silinən faylların bərpasının mümkünlüyündən xəbərdardırlar.

 İndi deyəcəksiniz ki, əgər silinmək istənən informasiya bu qədər önəmlidirsə o zaman hard diski format etmək lazımdır. Amma bu da çarə deyil, çünki yenə həmin o xüsusi proqramların vasitəsilə formatlanmış hard diskdən də faylları bərpa etmək və gün işığına çıxarmaq mümkündür. Təəccüblənirsiniz, hə? Fikirləşirsiniz ki, axı bu necə ola bilər? 

 Məsələ burasındadır ki, əslində fayllar silinmir. Bir faylı sildiyimizi zənn etdiyimiz zaman əslində sistem onu silmir, sadəcə onu boş göstərir. Yəni əslində həmin fayl hard diskdə mövcud olur, amma sistem onu bizə göstərmir deyə bilərik. Bir fayl həqiqi mənada o zaman silinmiş olur ki, onun üzərinə başqa bir informasiya yazılmış olsun. Adi qaydada bu üstünə yazılma baş vermədiyinə görə də silindiyini zənn etdiyimiz fayllar hard diskdə öz mövcudluğunu qoruyaraq kimsə tərəfindən nə zamansa yenidən üzə çıxarılacağını gözləyirlər. Əlbəttə zaman keçdikcə silinmiş faylları bərpa etmək ehtimalı azalır.

 Bəs necə etməli? Faylları tam və birdəfəlik olaraq kompüterin yaddaşından necə silməli? Bunun üçün şredder adlanan xüsusi proqramlar nəzərdə tutulmuşdur. Bəs bu proqramların iş prinsipi necədir ki, onlar hətta formatlamanın belə görə bilmədiyi işi görə bilirlər?

 Gəlin əvvəlcə formatlamanın məntiqini anlamağa çalışaq sonra da bu şredder proqramların iş prinsipini nəzərdən keçirək. Bizim formatlama dediyimiz əməliyyat zamanı fayllar haqqında məlumatları (faylların adı, yerləşdiyi ünvan və s.) özündə əks etdirən siyahı silinir, fayllara isə toxunulmur.

 Şredderlər isə daha ağıllı hərəkət edirlər, onlar faylları sıfırlayır (ikilik kodları sıfırlarla əvəz edir) və sonra da bu faylların ikilik kodlarını təsadüfi ikilik sayılarla əvəz edir. Bu əməliyyata rəqəmsal küy də deyilir. Beləliklə də şredder proqramlar faylların mənalı tərkibini mənasız ikili kodlarla dəyişdirir və bundan sonra onları bərpa etmək artıq mümkün olmur.

 Hazırda müxtəlif şredder proqramlar vardır, həm pullu, həm də pulsuz. Pullu proqramlardan Paragon Disk Wiper, pulsuz olanlardan isə Freeraser proqramını məsləhət görə bilərik. Əgər Siz kompüterinizin yaddaşında olan fayl, qovluq və ya disklərin tam və birdəfəlik olaraq silinməyini istəyirsinizsə bu kimi şredder proqramlardan istifadə etməlisiniz.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.