Ethernet Şəbəkə Kabelinin Hazırlanması

Ethernet Şəbəkə Kabelinin Hazırlanması

 Lokal şəbəkələrin qurulmasında ethernet şəbəkə kabellərindən (CAT5/CAT6) istifadə olunur. Bu günkü məqaləmizdə bu kabellərin hazırlanmasını öyrədəcəyik. 

 Bildiyiniz kimi şəbəkə kabeli ilə kompüter-kompüter, kompüter-hub/switch, hub/switch-hub/switch arasında şəbəkə qurmaq mümkündür. Kabelin hazırlanmasında bu amillər nəzərə alınır. Belə ki, iki eyni qurğular arasında şəbəkə qurmaq üçün çarpaz üsul, fərqli qurğular üçün isə düz qoşulma üsulu tətbiq edilir.

Şəbəkə kabeli 4 burulmuş cütlükdən, yəni 8 ədəd izolyasiya edilmiş keçirici simdən ibarətdir.

 Bu simlərin izolyasiya örtüyü fərqli rənglərdədir (narıncı-ağ, narıncı, mavi-ağ, mavi, yaşıl-ağ, yaşıl, qəhvəyi-ağ, qəhvəyi). Şəbəkə kabellərinin uclarına 8P8C tipli modulyar konnektorlar (RJ45 Jack) keçirilir və bu zaman simlərin ardıcıllığı qoşulma növünə (düz və ya çarpaz) görə dəyişir.

 Şəbəkə kabelini hazırlamaq üçün bizə tələb olunan uzunluqda CAT5/CAT6 kateqoriyalı kabel, qayçı, sıxma aləti ("cekvuran"), soyma aləti, və bir neçə ədəd 8P8C tipli modulyar konnektorlar (RJ45 Jack) lazımdır.

 
 Ləvazimatları hazır etdikdən sonra şəbəkə kabelinin hazırlanmasına başlaya bilərik. İlk öncə kabelin hər iki ucundan xarici örtüyü təxminən 3 cm uzunluqda kəsmək lazımdır. Bundan sonra burulmuş cütləri ayırmalı və şəbəkə kabelinin təyinatından və seçilən standartdan asılı olaraq müəyyən ardıcıllıqla düzmək lazımdır. 

 Yuxarıda da qeyd etdiyimiz kimi şəbəkə kabeli eyni tipli (kompüter-kompüter və ya hub/switch-hub/switch) və fərqli tipli (kompüter-hub/switch) qurğular arasında şəbəkə qurmaq üçün istifadə edilir. Simlərin ardıcıllığı da bu təyinatdan asılı olaraq dəyişəcək. Bundan başqa tətbiq olunan iki standart vardır: EIA/TIA T568A və EIA/TIA T568B. Qeyd edək ki, hazırda yeni hesab olunan EIA/TIA T568B standartından istifadə olunur.

 Aşağıdakı cədvəllərdə simlərin təyinat və standarta görə düzülmə ardıcıllıqları verilmişdir.


 Simlərin təyinat və standarta görə düzülməsindən sonra onların uclarını kəsərək uzunluqlarını eyni bir səviyyəyə gətirmək lazımdır. Bundan sonra bu simləri 8P8C tipli modulyar konnektorun (RJ45 Jack) daxilinə yerləşdirib sıxma aləti ("cekvuran") ilə sıxmaq lazımdır. Simləri konnektora yerləşdirərkən diqqət etmək lazımdır ki, konnektorun iç tərəfi Sizə doğru olsun. Simləri isə sol tərəfdən başlayaraq ardıcıllıqla yerləşdirmək lazımdır.

 Kontroller (jack) sıxıldıqdan sonra şəbəkə kabeli tester ilə yoxlanılmalıdır. Bunun üçün kabelin konnektor taxılmış hər iki ucunu testerin müvafiq girişlərinə taxıb kabelin etibarlılığını və funksionallığını yoxlamaq lazımdır.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.