Kabel, Peyk, DSL yoxsa Fiber-optik

Kabel, Peyk, DSL yoxsa Fiber-optik

 Günümüzdə həyatı və işi internetsiz təsəvvür etmək çətindir. İnternet evimizə, işyerimizə hətta mobil və planşet qurğular vasitəsilə ovucumuzun içinə qədər özünə yol tapmışdır.  Bu məqaləmizdə bizi internetlə təchiz edən provayderlərin internetə qoşulmaq üçün təklif etdikləri xidmət tipləri haqqında danışacağıq. 

 Hazırda yüksək sürətli internetə qoşulmaq üçün 4 xidmət tipi vardır: kabel, peyk, DSL və  fiber-optik. Gəlin bu xidmət tiplərini ayrı-ayrılıqda nəzərdən keçirək.

DSL

 DSL - rəqəmsal abunəçi xidməti (ing. digital subscriber line) deməkdir.  Bu xidmət adi telefon xəttləri üzərindən istifadəçilərə saniyədə 25 meqabitə qədər endirmə sürəti verir. Mütəxəssislər qeyd edirlər ki, inkişaf etmiş ölkələrdə bu göstərici bu ilin sonunadək 100 və daha artıq meqabutə qədər yüksələcək.

 DSL xidmətinin 2 tipi vardır: Assymmetric DSL (ADSL) və Symmetric DSL (SDSL). ADSL xidmətində istifadəçilərə təqdim edilən endirmə (download) sürəti yükləmə (upload) sürətindən daha yüksək olur. Adi istifadəçilər daha çox ADSL xidmətinə üstünlük verirlər, çünki SDSL ilə müqayisədə bu xidmət daha ucuzdur. SDSL xidmətində isə endirmə (download) sürəti ilə yükləmə (upload) sürəti eyni olur. VPN istifadəçiləri və ya öz datalarını bulud yaddaşlarda saxlamaq istəyənlər də SDSL xidmətinə üstünlük verirlər.

Üstünlükləri: DSL xidmətinin üstün cəhətləri ondan ibarətdir ki, bu xidmət daha ucuzdur və digər xidmətlərlə (kabel, peyk və  fiber optik) müqayisədə seçim imkanı daha genişdir. Çünki bu xidməti göstərən provayderlərin sayı daha çoxdur və keyfiyyət, qiymət amillərini nəzərə alaraq daha münasib olanı seçmək olar. Və əgər təklif olunan DSL xidmətində ayrılmış xətt təqdim olunursa o zaman stabil sürətə də tam zəmanət verilir.

Əksiklikləri: DSL xidmətinin mənfi cəhəti onun sürət və keyfiyyətinin məsafədən asılı olmasıdır. Provayderin ofisindən uzaqlaşdıqca internetin sürəti və etibarlılığı da azalmış olur.

Kabel

 Kabel tipli internet xidməti, kabel TV xidməti göstərən provayderlər tərəfindən təqdim edilir. Koaksial TV kabelləri vasitəsilə realizə edilən bu xidmət istifadəçiləri 3-100 Mbit/san internet ilə təmin edir.

Üstünlükləri: Təqdim edilən internet xidmətinin sürəti və keyfiyyəti məsafədən asılı deyil. Kabel internet xidmətinin əldə edilməsi fiber-optik xidmətlə müqayisədə daha əlçatandır. Bundan başqa kabel internet xidmətinin təqdim etdiyi sürət DSL və peyk internet xidmətləri ilə müqayisədə daha yüksəkdir. 

Əksiklikləri: Kabel internet xidmətinin ən nəzərə çarpan mənfi cəhəti ondan ibarətdir ki, xidmətin təqdim edildiyi ərazidə istifadəçilərin sayı artdıqca sürət aşağı düşür. Xüsusilə də pik saatlarda bu diskomfort özünü daha bariz şəkildə biruzə verir.

Peyk

 Peyk internet xidməti, peyk antenləri vasitəsilə peykə qoşulmaqla istifadəçiləri internet ilə təmin edir. Bu xidmət vasitəsilə qoşulan peykdən asılı olaraq və yerləşdiyiniz ərazidən asılı olmayaraq 3-15 Mbit/san internet sürəti əldə etmək mümkündür.

Üstünlükləri: Peyk internet xidmətinin ən böyük üstünlüyü onun əhatə dairəsinin geniş olmasıdır. Xüsusilə də kabel, DSL və fiber-optik xidmətlərin əlçatmaz olduğu ərazilərdə peyk internet xidmətinin istifadəsi əvəzsizdir.

Əksiklikləri: Peyk internet xidmətinin mənfi cəhəti isə odur ki, digər tip internet xidmətlər ilə müqayisədə daha az sürət vəd edir və bu xidmətə qoşulmaq daha baha başa gəlir.

Fiber-optik

 Fiber-optik internet xidməti işıqdan istifadə etməklə optik şəbəkələr üzərindən realizə edilən internet xidməti tipidir. Bu xidmət vasitəsilə 65-300 Mbit/san internet sürəti əldə etmək mümkündür.

Üstünlükləri: Fiber-optik internet xidməti digər xidmətlərlə müqayisədə ən yüksək sürətli interneti təmin edir.

Əksiklikləri: Fber-optik internet xidməti məhdud ərazilərdə reallaşdırıla bilir.

 Sonda onu qeyd etmək yerinə düşər ki, internet xidməti tipini seçərkən hər birinin yuxarıda sadalanan müsbət və mənfi cəhətlərini və eləcə də Sizə hansının daha uyğun olduğunu nəzərə almaq lazımdır.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.