Defraqmentasiya Nədir və Niyə Lazımdır

Defraqmentasiya Nədir və Niyə Lazımdır

  Sərt diskə fayllar yazılarkən ardıcıl qaydada hissəciklərlə (klasterlərlə) yazılır. Müəyyən müddətdən (fayl və qovluqların kopyalanması, daşınması və silinməsi əməliyyatlarından) sonra bu hissəciklər sərt diskə səpələnmiş halda yerləşirlər və nəticədə yaddaş qurğusunda "dəliklər" (boşluqlar) əmələ gəlir. Bu zaman fayllar əlbəttə ki, zədələnmirlər. Lakin onları təşkil edən bu hissələr bir-birindən çox uzaqda yerləşirlər. Belə olan halda faylların oxunmasına sərf olunan vaxt çox uzanır, çünki onların axtarılıb tapılması və bir bütün halına gətirilməsi müəyyən vaxt itkisi hesabına başa gəlir. Bu hala fraqmentasiya deyilir. Defraqmentasiya isə bu pərakəndiliyin aradan qaldırılması halıdır. Defraqmentasiya zamanı səpələnmiş hissəciklər bir yerə (bir-birinə yaxın yaddaş xanalarına) köçürülür.


 Defraqmentasiya zamanı həm də verilənlərin sərt diskin əvvəlinə yeləşdirilməsi baş verir, bu zaman boş yerlər sərt diskin sonunda yerləşmiş olur. Bu da verilənlərə müraciəti sürətləndirir, fayllar və proqramlar daha sürətli yüklənir. Bəzi defraqmentatorlar isə sistemin yükləmə bölgəsini defraqmentasiya etdiklərindən ümumilikdə əməliyyat sisteminin yüklənməsi prosesi də sürətlənmiş olur. Sərt diski nə dərəcədə intensiv istifadə etməyinizdən asılı olaraq defraqmentasiya o tezlikdə həyata keçirməlisiniz. 

 Adətən defraqmentatorları işə saldıqda onlar ilk öncə yoxlama aparır və defraqmentasiyaya ehtiyac olub-olmadığını istifadəçiyə bildirirlər. Sərt diskləri defraqmentasiya etmək üçün adətən Windows əməliyyat sisteminin öz daxili defraqmentatorundan istifadə edilir. Bunun üçün defraqmentasiya etmək istədiyiniz sərt diskin üzərində mausun sağ düyməsini basıb açılan kontekst menyudan Property opsiyasını seçirsiniz. Açılan pəncərədən isə Tools səhifəsini seçirsiniz.

 Qarşınıza 2-ci bölmədə Defragmentation çıxacaq:


 Qeyd etmək lazımdır ki, disklərin defraqmentasiyası üçün kənar proqramlardan (O&O Defrag Free, Defraggler və s.) da istifadə edilə bilər.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.