RAM Seçərkən Nələrə Diqqət Etməliyik

RAM Seçərkən Nələrə Diqqət Etməliyik

 Kompüterin modernləşdirilməsi (upgrade) zamanı CPU (prosessor) seçimindən sonra əsas diqqət RAM (əməli yaddaş) seçiminə yönəlir. Unutmaq olmaz ki, kompüterin məhsuldarlığı bu iki komponentdən və ən əsası da onların birgə fəaliyyətindən asılıdır. Burada əsas məsələ onların öz aralarında informasiya mübadiləsini nə qədər sürətli həyata keçirmələridir. Nəzərə alsaq ki, CPU-nun tezliyi RAM-ın tezliyindən dəfələrlə çoxdur, o zaman seçilən RAM-ın tezliyinin maksimum olmasına fikir vermək lazımdır. 

RAM seçərkən aşağıdakı amillərə diqqət yetirilməlidir:

- Heç bir halda naməlum istehsalçıların ucuz RAM-larını almayın. Əks halda kompüteriniz sadəcə qeyri-stabil çalışmayacaq, həm də sisteminizin məhsuldarlığı xeyli aşağı düşmüş olacaq; 

- Mümkün qədər maksimal tezlikdə çalışan RAM-lara üstünlük verin. Əgər müasir çipsetlə təchiz olunmuş yaxşı ana platanız varsa RAM-ın tezlik amilinə xüsusi diqqət yetirməlisiniz; 

- Yadda saxlayın ki, iki-kanallı çalışma rejimində iki RAM modulu bir vəya üç moduldan daha sürətli çalışacaq. Analoji olaraq üç-kanallı rejimdə üç və ya altı RAM moduluna üstünlük verilməlidir; 

- Hər zaman ən az latentli RAM-lara üstünlük verin. Unutmayın ki, belə RAM-lar hətta aşağı tezliklərdə hər zaman maksimal fayda ilə çalışırlar; 

- RAM seçərkən kor təbii olaraq onun yüksək tutumlu olduğunu əsas götürməyin. Məsələn 8 Gb-lıq RAM-ı almazdan öncə ana plata və əməliyyat sisteminizin onu dəstəkləyib-dəstəkləmədiyini aydınlaşdırın. Bir məqamı da nəzərə alın ki, əgər kompüterinizin RAM-ı 3 Gb-dan çoxdursa o zaman kompütürinizə 64-bitlik əməliyyat sistemini quraşdırmalısınız. Əks halda Sizin sərəncamınızda (hətta RAM-ınız 8 Gb olsa belə) real olaraq 3,25 Gb-lıq RAM həcmi olacaq; 

- Əgər Siz qoşulu olan RAM-ın yanına sistemi gücləndirsin deyə 2-ci bir RAM almağı planlaşdırırsınızsa o zaman diqqət edin ki, bu yeni RAM öz göstəricilərinə görə qoşulu olan RAM-dan geri qalmasın. Belə ki, əgər RAM-ların tezlikləri uyğun gəlməsə bu zaman sistemin ümumi məhsuldarlığı aşağı düşmüş olacaq.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.