POP yoxsa IMAP

 Adətən biz elektron poçtumuzla işləyərkən veb-interfeysdən istifadə edirik. Məsəl üçün Gmail hesabımız varsa, e-məktubları göndərmək və qəbul etmək üçün mail.google.com saytına daxil olmaq kifayətdir. Bəzən isə e-poçt xidmətindən e-poçt kliyentləri vasitəsilə istifadə edirik. E-poçt kliyentlərini və proqramlarını sazlayarkən iki seçimlə qarşılaşırıq: POP və IMAP. Bu məqalədə POP və IMAP-ın nə olduğu, aralarındakı fərqlər və nə zaman hansının seçilməli olduğu haqda bəhs ediləcək.

 Hər şeydən öncə qeyd edək ki, POP və IMAP, e-poçtlara giriş üçün tətbiqi səviyyədə istifadə olunan protokollardır. Hazırda bütün müasir elektron poçt server və kliyentləri hər iki standartı dəstəkləyir. Gəlin bu protokolları daha yaxından tanıyaq.

POP (Post Office Protocol)

 POP, elektron poçt məktublarının nüsxəsinin fərdi kompüterə yüklənməsinə imkan verir. Məktublarla bağlı edilən bütün dəyişikliklər lokal xarakter daşıyır və serverdə saxlanılan orijinal nüsxələri əlaqədar etmir. Fərz edək ki, eyni e-poçt hesabımıza POP protokolunu istifadə edən kliyent proqramı vasitəsilə həm evdən, həm də işdən daxil oluruq. Əgər biz evdə ikən hansısa məktubu silsək bu məktub yalnız evdəki kompüterdəki qovluqdan silinmiş olacaq, işdəki kompüterin kliyent proqramının müvafiq qovluğunda həmin məktub qalmış olacaq. 

 Bununla belə kliyent proqramını elə sazlamaq da mümkündür ki, proqram tərəfindən silinən məktublar daha sonra serverdən də silinmiş olsun.

 POP protokolunun seçilməsi aşağıdakı hallarda tövsiyyə olunur:

- Bütün elektron məktubların nüsxəsinin saxlanması tələb olunduqda;

- Online rejimdə olmağa vaxt məhdudiyyəti olduqda;

- Elektron məktubların arxivlənməsi tələb olunduqda.

IMAP (Internet Message Access Protocol) 

 IMAP, elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.

 Bununla belə kliyent proqramını elə sazlamaq da mümkündür ki, serverdən yüklənən məktubların nüsxələrini avtonom rejimdə baxmaq üçün müvəqqəti olaraq yaddaşa versin.

 IMAP protokolunun seçilməsi aşağıdakı hallarda tövsiyyə olunur:

- Eyni e-poçt hesabına bir çox kompüterdən daxil olmaq tələb olunursa;

- Eyni e-poçt hesabına mobil qurğulardan (telefon, planşet) daxil olmaq tələb olunursa;

- Eyni e-poçt hesabından birdən çox istifadəçi istifadə edirsə;

- Bütün e-məktubların (gələn və göndərilən) və qovluqların daima serverdə qalması istənilirsə.

 Beləliklə qarşıya qoyulan məqsəddən və tələblərdən asılı olaraq POP və ya IMAP protokolu seçilə bilər.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.