Disk Imaging Nədir

 Hər bir istifadəçi üçün kompüterin yaddaşında olan informasiya qiymətsizdir. İnformasiyanın əhəmiyyəti adi istifadəçilərdən mütəxəssislərə doğru, və eləcə də fərdlərdən şirkətlərə doğru daha da artır. Görəsən bu informasiyanı necə qoruyub saxlamalı? İnformasiyanın yad əllərə keçməməsi üçün bir sıra təhlükəsizlik tədbirləri görülür. Bəs informasiyanı gözlənilməz itkilərdən necə qorumaq lazımdır? İnformasiyanı qorumağın ən optimal yolu onun rezerv nüsxəsini çıxarmaqdır. Rezerv nüsxəni çıxarmanın bir başqa faydası da vardır, bu da vaxt qazanmaqdır. Necə?

 Düşünün ki, Sizin kompüterinizin iş rejimi pozuldu, konkret desək əməliyyat sistemində həll edilə bilməyən problemlər meydana gəldi. Belə olan halda Siz kompüterinizə əməliyyat sistemini və eləcə də digər proqramları yenidən silib yazmalı olacaqsınız. Sadə dildə buna formatlama da deyilir. İndi düşünün ki, bütün bu işlərə nə qədər vaxtınız gedəcək. Halbuki əgər Sizin əlinizin altında sərt diskinizin rezerv nüsxəsi olsaydı hər şeyi olduğu kimi geri qaytarmaq daha asan və tez bir zamanda başa gələrdi.

 Bu məqalədə sərt disklərin nüsxəsini çıxaran proqramlar haqqında bəhs ediləcək. Əvvəlcə qeyd edək ki, Disk Imaging (sürətçıxarma) proqramları Data Backup (yedəkçıxarma) proqramlarından prinsipial olaraq fərqlənir. Yedəkçıxarma proqramları müəyyən məlumatların kopyasını çıxarır, sürətçıxarma isə bir sərt diskin tamamilə kopyasını çıxardır. Bu da imkan verir ki, kompüterin sərt diski işlənməz hala gələndə əməliyyat sistemi, proqramlar və verilənlər bütövlükdə yeni sərt diskə transfer edilə bilsin.

 Disk Imaging proqramını seçərkən aşağıdakı məqamlara diqqət etmək lazımdır:

Geridönüşüm və Bərpa (Recovery & Restore)

 Rezerv nüsxələmədə həlledici məqamlardan biri odur ki, fayl və qovluqlar düzgün bərpa edilsin. Ən yaxşı Disk Imaging proqramları, ayrı-ayrı fayl və qovluqları fərdi şəkildə bərpa etmək imkanına malikdirlər. Bu proqramlar həmçinin daha sürətli bərpa üçün virtual disk imkanlarından istifadəni də təqdim edirlər. Bundan başqa Disk Imaging proqramları rezerv nüsxəni bir çox kompüterə deploy (göndərmə) etməyə imkan verməlidirlər. Və təbii ki, bu zaman disk bölmələrinin (partitions) ölçüləri də dəyişdirilə bilməlidir.

Qrafik və Məruzə (Scheduling & Reporting)

 Kompüterlə iş zamanı istifadəçi daima kompüterin yaddaşında müəyyən dəyişikliklər edir: fayllar yaddaşa verilir, fayl və qovluqlar silinir, yerləri dəyişdirilir və s. Bütün baş verən bu dəyişikləri izləmək və qeydə almaq rutin bir iş olmamalıdır. Odur ki, rezerv nüsxənin nə zaman alınacağını Disk Imaging proqramları özləri bilməlidir. Təbii ki, istifadəçinin istəyinə uyğun olaraq bu iş gündəlik, həftəlik və ya aylıq olaraq həyata keçiriləcək. Yaxşı sürətçıxarma proqramları həmçinin rezervləmə əməliyyatından sonra bu haqda istifadəçini (bildiriş, sms, e-poçt və s. vasitəsilə) məlumatlandırmalıdır.

Yardım və Dəstək (Help & Support)

 Disk Imaging proqramları seçilərkən ona da diqqət etmək lazımdır ki, proqramın istifadəsi ilə bağlı gərəkli təlimatlar olsun. Bundan başqa ehtiyac olduğu zaman istehsalçı şirkətlə müxtəlif yollarla əlaqə saxlamaq imkanı olmalıdır. İstehsalçı şirkət öz müştərilərinin marağını düşünərək proqramdan istifadə ilə bağlı onların hər hansı bir istəyinə çevik şəkildə reaksiya göstərməyi bacarmalıdır. Bir çox istehsalçı şirkət qaynar xətt vasitəsilə müştəriləri ilə daim əlaqə saxlayırlar.

 Yuxarıda sadalanan tələblərə cavab verən və bu sahədə bazarda lider mövqelərdə duran Disk Imaging proqramları aşağıdakılardır:


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.