Silinməyən Proqramları Necə Silməli

Silinməyən Proqramları Necə Silməli

 Kompüter istifadəçilərinin tez-tez qarşılaşdıqları problemlərdən biri də bəzi proqramların kompüterdən silinə bilməməsidir. Ümumiyyətlə kompüterə yüklənmiş proqramlar ya öz uninstalleri tərəfindən ya da control panel-dən müvafiq bölmədən əməliyyat sisteminin özü (Windows Add/Remove tool) tərəfindən silinirlər.

 Lakin müəyyən hallarda adıçəkilən vasitələrlə bunu etmək mümkün olmur. Bu məqalədə belə problemlə qarşılaşanlara çözüm yolları təqdim ediləcək.

 Gəlin əvvəlcə aydınlaşdıraq ki, proqramlar kompüterə instalyasiya olunanda hansı proseslər baş verir. İnstalyasiya zamanı əsas fayllar təyin olunmuş proqram qovluğuna yüklənir. Bu proqram qovluğu adətən Program Files qovluğunda yerləşdirilir. Bundan başqa paylaşılan kitabxanalar (.dll faylları) kimi bəzi fayllar da Program Files qovluğu içərisindəki Common Files qovluğuna köçürülürlər.

 Və nəhayət müəyyən fayllar (driver və paylaşılan kitabxanalar) da WINDOWS\System32 və WINDOWS\System32\drivers qovluqlarına yüklənilir.

 Bütün bu əməliyyatlardan sonra isə installer windows registry-də müəyyən dəyişikliklər edir. Windows registry, proqramlar və əməliyyat sistemi ilə bağlı bütün tənzimləmələrin edildiyi vahid bir yerdir. İnstaller tərəfindən edilən dəyişikliklər müxtəlif səbəblərdən ola bilər. Misal üçün paylaşılan kitabxananın qediyyatı tələb olunduğu zaman və ya müəyyən tip fayllar əlaqədar proqramlar ilə assosiasiya edilməli olduğu zaman registrdə dəyişikliklər edilir.

 Dəyişikliklər edildikdən sonra windows registrə bununla bağlı açar əlavə edilir və Windows Add/Remove aləti quraşdırılan yeni proqramdan xəbərdar olur. İnstalyasiya zamanı bütün bu əməliyyatlar xüsusi bir fayla (setup.log) loqlanır və bu fayl unistaller ilə eyni qovluğa yerləşdirilir. Əgər istifadəçi Add/Remove vasitəsilə instal edilmiş proqramı silmək istəyirsə, bu zaman əməliyyat sistemi registr daxilində qeydiyyatdan keçmiş uninstalleri axtarıb tapır və onu icra edir. 

 Bu zaman uninstaller loq faylına əsasən bütün əməliyyatları geri ardıcıllıqla icra edir, yəni kopayalan fayllar və registr açarlar silinir. Lakin əgər bu loq faylı müxtəlif səbəblərdən dolayı silinibsə bu zaman Windows Add/Remove vasitəsilə quraşdırılan proqramları uninstal etmək mümkün olmur. Belə olan halda isə uninstalyasiyanı məcburi həyata keçirmək lazım gəlir. Əgər Siz sıravi kompüter istifadəçisisinizsə o zaman məsləhətdir ki, asan yoldan hərəkət edəsiniz və belə hallarda Perfect Uninstaller kimi proqramlardan istifadə edəsiniz. Belə proqramlar bir neçə klikə silinməyən proqramları silməyə imkan verir.

 Yox əgər Siz irəli dərəcəli istifadəçisinizsə o zaman Windows Registry-dən istifadə etməklə silinməyən proqramlar problemini özünüz həll edə bilərsiniz. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:

1. Start-->Run menyusunu açın və regedit yazaraq registr bələdçisini çağırın.

2. Açılan pəncərədə sol tərəfdə registr tənzimləmələri ağacı yerləşir. Buradan  HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Uninstall sətrini axtarıb tapın.  

3. Bu açar içərisində müxtəlif proqramlara aid çoxsaylı açarlar görəcəksiniz. Bu açarlardan bəziləri proqram adları ilə, bəziləri isə hərf və rəqəmlərlə adlandırılmışdır. Bu açarların içərisindən silmək istədiyiniz proqramın adı ilə adlandırılmış olanı tapmaq lazımdır. Həmin açarı tapıb üzərinə gəlsəniz sağ tərəfdə bu açarla bağlı altaçarları görəcəksiniz.

4. Həmin bu altaçarlar içərisində DisplayName altaçarının sağdakı qiymətinə diqqət yetirin. Əgər onun qiyməti silmək istədiyiniz proqramın adı ilə eynidirsə deməli Siz düzgün açarı tapmısınız. Burada həmçinin UninstallString altaçarına da rast gələcəksiniz. Bu altaçar loq faylı haqqında məlumatı özündə əks etdirir.

5. Silmək istədiyiniz proqrama aid açarın (sol tərəfdə) üzərinə gəlib sağ düyməni basın, açılan kontekst menyudan Delete altmenyusunu seçin. Bundan sonra seçiminizi təsdiqləyin. Beləliklə silinməyən proqram silinmiş olacaq və həmin proqramın adı daha Windows Add/Remove-da çıxmayacaq. 

 Qeyd etmək lazımdır ki, bəzi proqramlar öz konfiqurasiya opsiyaları ilə bağlı registrdə əlavə açarlar meydana gətirirlər. Bunlar adətən HKEY_CURRENT_USER\Software və ya HKEY_LOCAL_MACHINE\SOFTWARE bölməsində yerləşirlər. Bunları axtarıb tapmaq və silmək lazımdır. Lakin silərkən diqqətli olun və Windows adı ilə bağlı olanları silməyin.

 Registrlə bağlı əməliyyat bitdikdən sonra silmək istədiyiniz proqramın qovluğunu axtarıb tapmaq lazımdır. Yuxarıda da qeyd olunduğu kimi kompüterə quraşdırılan proqramların qovluğu Program Files qovluğunda yerləşir. Bu qovluğun içərisində uninstaller proqramını tapmaq lazımdır. Burada uninstaller ilə birlikdə uninstal.log və ya setup.log, və ya buna bənzər loq faylı olmalıdır. Bu loq faylını Notepad ilə açın. Burada hansı fayllar hara kopyalanıb onları görəcəksiniz. Həmin kopyalanmış faylları silməklə Siz bütövlükdə silmək istədiyiniz proqramdan qurtulmuş olacaqsınız. 

Qeyd: Windows Registy ilə işləyərkən diqqətli olun, kifayət qədər təcrübəniz yoxdursa mütəxəssisə müraciət edin. Bilmədən və yanlış olaraq sildiyiniz açarlar əməliyyat sisteminizin sıradan çıxmasına səbəb ola bilər.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.