Proqram Yazmağa Necə Başlamalı

Proqram Yazmağa Necə Başlamalı

 Bu sual çox tez-tez verilir. Proqramçı olmaq istəyən hərkəsi narahat edən sual budur: necə və hardan başlayaq? Elm və texnologiyanın hər bir sahəsi kimi, bugün informasiya texnologiyaları da çox sürətlə inkişaf edir. Bu inkişaf və dəyişmə proqram təminatında da özünü qabarıq şəkildə göstərir. Əlbəttə ki, peşəkar proqramçı olmaq üçün bir yerdən başlamaq lazımdır. Lakin bu başlanğıc çox sağlam olmalıdır ki, bu yolda addımlamaq istəyənlər yarı yolda qalmasınlar.

 Proqramlaşdırma bilik və məntiqin vəhdətidir. Biliksiz məntiqi, məntiqsiz də biliyi təsəvvür etmək mümkün deyil. Peşəkar proqramçı olmaq istəyən hər kəs öncəliklə özünə bu kimi suallarla müraciət etməlidir:

- Görəsən mən bu peşəyə yiyələnə bilərəmmi?

- Mənim potensialım bu sahədə ixtisaslaşmaq üçün kifayət edirmi? 

 Əgər bu suallara verəcəyiniz cavab müsbətdirsə, o zaman Siz bu yolda əmin addımlarla addımlaya bilərsiniz. Yox əgər cavablarınız mənfidirsə, o zaman da üzülməyinizə dəyməz. Çünki Sizin qəlbinizdə olan istəyi əzmkar və planlı çalışmayla sintez etsəniz, Siz yenə də arzunuza çata bilərsiniz. 

 Proqramlaşdırma sahəsinə uyğun olub-olmadığınızı və potensialınız nə qədər əlverişli olduğunu müəyyən etmək üçün aşağıdakı suallara cavab verin:

1. Gördüyünüz bir iş nə qədər çətin olsa da, Siz onu sonadək davam etdirirsinizmi?

2. Problemləri məntiqinizi işə salaraq həll etməyi baracarırsınızmı?

3. İstifadə etdiyiniz proqramların çalışma prinsipləri haqda maraqlanırsınızmı?

4. Səbrli və təmkinlisinizmi?

5. İstifadə etdiyiniz proqramlar xətalar axtarırsınızmı?

6. Bir proqramda rəqəm daxil edilməli olan yerə hərf yazırsınızmı?

7. Kompüterinizə müxtəlif proqramlar qurub onları sınaqdan keçirirsinizmi?

8. İlk dəfə istifadə edəcəyiniz bir proqramı sınaqdan keçirərkən nə qədər vaxt sərf edirsiniz?

9. Yaddaşınız güclüdürmü?

10. Bir problemi həll etmək üçün kompüterin qarşısında saatlarca oturub çalışırsınızmı?

11. Özünüzü başqasının yerinə qoyub onun kimi düşünə bilirsinizmi?

12. Araşdırmağı çox sevirsinizmi?

13. Az sual verib öz suallarınıza özünüz cavablar axtarıb tapa bilirsinizmi?

 Əslində bu sualları daha da artırmaq olardı. Bütün bu suallara BƏLİ olaraq verdiyiniz cavabların sayı nə qədər çoxdursa, deməli Siz bir o qədər öz məqsədinizə yaxınsınız. Müsbət cavablarınız azlıq təşkil edirsə, o zaman Siz daha da əzmkarlıqla çalışmağa davam etməlisiniz. Yuxarıdakı sualları nəzərdən keçirdikdən sonra özünüz üçün müəyyən etməlisiniz ki, Sizin proqramlaşdırmanı öyrənməkdə məqsədiniz nədir? Bu suala verəcəyiniz cavabdan isə Sizin sonrakı addımlarınız asılı olacaq.

 Beləliklə proqramlaşdırmanı öyrənməkdə Sizin məqsədiniz nədir?

1. Hobbi

2. Sistem proqramları yazmaq

3. Verilənlər Bazası əsaslı proqramlar hazırlamaq

4. Oyunlar yazmaq

5. Müxtəlif sahələrdə fəaliyyətləri avtomatlaşdırmaq

6. Internet şəbəkəsində çalışan proqramlar hazırlamaq

7. Internetdə çalışan Verilənlər Bazası əsaslı proqramlar hazırlamaq

 Bütün bu məqsədlərdən hərhansı birinə nail olmaq üçün ilk növbədə proqramlaşdırma məntiqinə yiyələnmək lazımdır. Göründüyü kimi məntiq proqramlaşdırmanın başlanğıc nöqtəsidir. Proqramlaşdırma məntiqi isə alqoritm anlayışından başlayır. Qeyd etmək lazımdır ki, proqram mühəndisi olmaq istəyənlər öz proqramlaşdırma məntiqlərini fasiləsiz olaraq təkmilləşdirməlidirlər. Buna da ancaq bu sahədə əzmkar çalışmaqla nail olmaq mümkündür.

 Proqramlaşdırma dili nə olursa olsun MƏNTİQ eynidir. Fərq isə yalnız istifadə edilən operatorlarda və onların tətbiq edilməsindədir. Bir dildə bir məsələni həll etmək üçün bir əməliyyatdan istifadə etmək mümkün olduğu halda, başqa bir dildə bir neçə əməliyyatdan istifadə etmək lazım gəlir. Lakin nəticə dəyişməz qalacaqdır.

 Məlumat üçün deyək ki, dünyada 500-dən çox proqramlaşdırma dili mövcuddur. Bütün bu dilləri müxtəlif kateqoriyalara bölünür.

 Ümumi şəkildə aşağıdakı bölgünü aparmaq mümkündür: 

1. Obyektyönümlü dillər

2. Prosedur dillər

3. Funksional dillər

4. Məntiq dilləri

 Bu gün ən populyar dillər obyektyönümlü proqramlaşdırma dilləri sayılır. Bunlardan aşağıdakıları xüsusilə qeyd etmək mümkündür:

• Java

• Visual Basic

• PHP

• Python

• C#

• Delphi

• Perl

 Proqramlaşdırmanı yeni öyrənənlər üçün Pascal və ya C dilindən başlamaq tövsiyyə edilir. Bu dillərin sintaksisi çox sadə və başa düşüləndir. Bundan sonra vizual obyektyönümlü proqramlaşdırma dillərindən (Delphi, C# vəya Java) birinə keçə bilərsiniz. Lakin unutmayın məsələ daha çox dil bilməkdə deyil, əsas odur ki, Siz bu dillərdən hər hansı birini mükəmməl bilib bu dildə peşəkar proqramlar yazasınız.

 Sizə uğurlar...


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.