Termopastanı Necə Dəyişməli

Termopastanı Necə Dəyişməli

 Bu məqaləmizdə termopastanın dəyişdirilməsindən danışacağıq. Amma gəlin əvvəlcə termopasta nədir və nəyə lazımdır suallarına aydınlıq gətirək. 

 Termopasta (termal məcun) -  yaxşı istilikkeçirmə qabiliyyətinə malik ağ və ya boz rəngdə olan xüsusi məcundur. Bu məcun CPU (prosessor) və qrafik çipin istiliyinin soyutma sistemlərinə ötürülməsinə yardımçı olur. Əgər kuler küy eləməyə başlayırsa və prosessor da qızırsa ilk növbədə kulerin tozu təmizlənməlidir. Bundan sonra prosessorun arxa səthindəki termopastanın vəziyyətinə baxılmalıdır. Əgər termopasta quruyubsa onu hökmən dəyişmək lazımdır.

 Hazırda satışda müxtəlif qiymətə termopastalar var, çalışın keyfiyyətdə aldanmayasınız :) Termopastanı prosessorun arxa səthinə sürtmək üçün Sizə adi plastik kart da lazım olacaq. Bundan başqa termal məcunun kənara yaxılan qismini silmək üçün əlinizin altında quru dəsmal və ya salfet olmalıdır.


 Əgər hər şey hazırdırsa gəlin başlayaq. Əvvəlcə kompüteri söndürün və elektrik kabelini ayırın. İndi sistem blokunu rahat aça bilərsiniz. Əgər sistem blokunun içi tozdursa tozsoranla aşağı gücdə təmizləyin. Əlinizin altında tozsoran yoxdursa, o zaman quru dəsmal ilə də təmizləyə bilərsiniz, amma qətiyyən nəm dəsmaldan istifadə etməyin.


 Sistem blokunu tozdan azad etdikdən sonra kuleri (radiatoru ventilyator ilə birlikdə) sökün. 


 Əgər şəkildə gördüyünüz kimi radiator və prosessorun arxa səthində köhnə termopasta quruyubsa onu quru dəsmal ilə təmizləyin. Yox əgər hər şey qaydasındadırsa termopastanı dəyişməyə ehtiyac yoxdur. Qurumuş termopastanı təmizləmək üçün dəsmalın ucuna az miqdarda spirt və ya odekolon da vura bilərsiniz. 


 Təmizlik işi bitdikdən sonra yeni termopastanı yaxmaq olar. Burada üç variant var, termopastanı ya prosessorun arxa səthihə, ya radiatora, ya da hər ikisinə yaxmaq olar. Amma daha çox məsləhət görülən variant termal məcunun prosessorun arxa səthinə yaxılmasıdır. Tübikdən kiçik bir zolaq sıxın.


 İndi isə işin ən məsuliyyətli hissəsinə gəldik. Termopastanı necə yaxmalı? Bu məqamda aşağıdakılara diqqət yetirməlisiniz:

- Termopasta qatı yaxıldığı səth boyunca bərabər şəkildə yayılmalıdır;

- Termopasta qatını maksimum dərəcədə nazik etməlisiniz;

- Termopastanı elə yaymalısınız ki, arada boşluqlar qalmasın.


 Termopastanı göstərilən qaydada plastik kartın köməyilə yaxdıqdan sonra quru dəsmalın ucu ilə kənara çıxan qismlərini silin. Bundan sonra kuleri yerinə yerləşdirə bilərsiniz.



 İşiniz bitdikdən sonra sistem blokunu bağlayın və elektrik kabelini qoşun. Bir müddət gözlədikdən sonra kompüterinizi yandıra bilərsiniz. Və sonda bir sualın da cavabını verək. Termopastanı hansı aralıqlarla dəyişmək lazımdır? Əgər kompüterinizin prosessoru qızmırsa və temperatur rejimi normaldırsa o zaman demək ki, hər şey qaydasındadır. Yox əgər prosessorun temperaturu 65-70 dərəcə aralığındadırsa onda hər iki aydan bir, hətta daha tez termopastanı yeniləməlisiniz. Sizə uğurlar!


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.