Etibarlı Şifrəni Necə Seçməli

Etibarlı Şifrəni Necə Seçməli

 Real həyatda açarların bizim üçün əhəmiyyəti nə dərəcədədirsə, virtual həyatda şifrələrin əhəmiyyəti də ən azı o qədərdir. Onlayn hesablar açarkən bizdən hər dəfə şifrə təyin etmək tələb olunur. Bu şifrələr elə seçilməlidir ki, həm etibarlı olsunlar, həm də öz yadımızdan çıxmasın. Bu gün biz bu mövzudan danışacağıq.

 Etibarlı şifrə seçmək üçün aşağıdakı tövsiyyələrə əməl etməlisiniz. 

Uzun Şifrələr

 Onlayn hesablar üçün şifrənin uzunluğu ən azı 8 simvoldan ibarət olmalıdır. Amma bu minimum tələbdir, çalışın şifrələriniz daha uzun olsun. Daha uzun şifrələr daha etibarlıdır:

Humanintelligence

Mənalı İfadələr

 Şifrələrin yaddaqalan olmasını istəyirsinizsə, başqaları üçün təsadüfi özünüz üçün mənalı söz ifadələri seçin. Bu ifadələr bir neçə sözdən ibarət olsa da onları yadda saxlamaq asan olacaq:

Azerbaijanisalandoffire

Şifrələrdə Rəqəmlər

 Şifrələrin daha etibarlı olması üçün hərflərlə yanaşı rəqəmlərdən də istifadə edin. Rəqəmləri şifrə daxilində istənilən yerdə yerləşdirə bilərsiniz:

Azerbaijanisalandoffire2016

Digər Simvollar

 Şifrə daxilində rəqəmlərdən əlavə xüsusi simvollardan istifadə olunması da etibarlılıq baxımından arzuolunandır:

Azerbaijanisalandoffire#2016$

Böyük-kiçik Hərflər

 Şifrələrinizi daha da etibarlı etmək istəyirsinizsə, böyük və kiçik hərflərdən qarışıq istifadə edin:

AzerbaijanIsALandOfFire#2016$

Oxşar Şifrələr

 Fərqli onlayn hesablar üçün yaxşı yadda qalması məqsədilə bir-birinə oxşar şifrələr təyin edin:

AzerbaijanIsALandOfFire#2016$

AzerbaijanIsALandOfOil#2026$

Digər Məsləhətlər

 Şifrə seçərkən aşağıdakı məsləhətlərdən də faydalanın:

  • Çox asan sözlərdən, söyüşlərdən və ardıcıl rəqəmlərdən istifadə etməyin;
  • Özünüzün və yaxınlarınızın adını, təvəllüdünü şifrə kimi qoymayın;
  • Şifrə daxilində sözlərdən tərsinə də istifadə edə bilərsiniz;
  • Şifrə olaraq daha çox mənasız sözlərdən istifadə edin;
  • Şifrələri unudursunuzsa onları yadda saxlayan proqramlardan istifadə edin;
  • Şifrələrinizi heç kimə verməyin, kağıza yazıb üzərinizdə gəzdirməyin;
  • Fərqli onlayn hesablar üçün eyni şifrələrdən istifadə etməyin;
  • Başqa kompüterlərdə brauzerlərdə "Məni Yadda Saxla" funksiyasından istifadə etməyin;
  • Onlayn hesablardan hər zaman etibarlı çıxış ilə çıxın;
  • Şübhəli saytlardan qeydiyyatdan keçməyin;
  • Şübhəli elektron məktubları açmayın;
  • Şifrələrinizi mütəmadi olaraq dəyişin.

Maraqlı Faktlar

  • Şifrələrdə ən çox rastlanan 1 rəqəmidir. Bu rəqəm şifrələrin 21%-də istifadə olunur. Digər rəqəmlərə 7-10% hallarda rast gəlinir;
  • Şifrələrin 24%-i 6 simvoldan ibarətdir;
  • Şifrələrin 60%-dən çoxunda yalnız hərflərdən istifadə edilir;
  • Virtual aləmdə ən yayılmış şifrə 123456 rəqəm ardıcıllığıdır;
  • Saniyədə milyondan çox şifrəni yoxlayan proqramlar mövcuddur.

 Ümid edirik ki, bundan sonra özünüzə şifrə seçərkən daha da diqqətli olacaqsınız. 


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.