İnternet Provayderi Necə Seçməli

İnternet Provayderi Necə Seçməli

 Müasir dövrdə həyatımızı internetsiz təsəvvür etmək çox çətindir. İşdə, evdə, yolda… Demək olar ki, gün ərzində əldə etdiyimiz və ötürdüyümüz informasiyanın ən azı 70%-i internet adlanan qlobal şəbəkənin payına düşür. Belə olan halda keyfiyyətli internet haqqında yaxşı düşünmək lazımdır. Başqa sözlə desək bizə internet xidmətini təklif edən provayderi düzgün seçməliyik.

 Bəs düzgün provayderi hansı kriteriyalar əsasında seçmək lazımdır? Bu günkü məqaləmiz bu mövzuya həsr olunub. 

Sürət

 Ümumiyyətlə provayder axtarışına başlamadan öncə internetin hansı məqsədlərlə istifadə ediləcəyini müəyyənləşdirmək lazımdır. Çünki sifariş verilən internət sürəti bu məqsədlərdən asılı olacaq:

  • Əgər məqsədiniz qlobal şəbəkə sörf etmək (saytlara baxmaq), elektron poçtdan istifadə, Skype ilə danışmaqdırsa, Sizə 1-3 Mbit/s sürət bəs edər;
  • Əgər məqsədiniz online oyunlar oynamaq, kiçik həcmli endirimlər etmək, keyfiyyəti çox yüksək olmayan online filmlər izləməkdirsə, Sizə 5-10 Mbit/s sürət kifayət edər;
  • Əgər məqsədiniz saytları inzibati idarə etmək, iri həcmli resursları endirmək, çox yüksək keyfiyyətli online filmlər izləməkdirsə, Sizə ən azı 25 Mbit/s sürət lazım olacaq.

Qoşulma Tipi

 Hazırda internetə qoşulmaq üçün müxtəlif texnologiyalar mövcuddur. Seçim etmədən öncə bu texnologiyalar haqqında kifayət qədər məlumatınız olmalıdır:

 ADSL - Asymmetric Digital Subscriber Line texnologiyası ən geniş yayılmış qoşulma növlərindən biridir. Bu texnologiya mövcud telefon xəttləri vasitəsilə tətbiq edilir. Beləliklə telefon xəttiniz eyni zamanda həm zəng edib, zəng qəbul etməyə, həm də geniş zolaqlı internetdən istifadə etməyə imkan verir. Əgər mənziliniz telefon ilə təchiz olunmayıbsa, provayder Sizin üçün ATS-ə qoşulmadan “ayrılmış xətt” ayıra bilər. ADSL xidmətinin geniş yayılmasının səbəbi ucuz başa gəlməsidir. Provayderlər bu qoşulma növü ilə 24 Mbit/s-ə qədər download və 1 Mbit/s-ə qədər upload sürətini vəd edirlər. Lakin bu parametrlər telefon xəttlərinin keyfiyyəti və cari vəziyyətindən, və eləcə də mənzilinizin internet provayderdən uzaqlığından asılıdır. Odur ki, provayderlərin ADSL xidmətlərinin real orta göstəriciləri 10-14 Mbit/s download və 700-900 Kbit/s upload olur.

 Bütün bunları nəzərə alaraq əgər ADSL xidmətinə qoşulmağa qərar verdinizsə aydınlaşdırın ki, provayderin vəd etdiyi sürət həqiqətən Sizə gəlib çatırmı. Əgər müqavilədə 4 Mbit/s göstərildiyi halda real sürət 2.5 Mbit/s-dirsə və ATS də telefon xəttlərinizdə problemin olmadığını iddia edirsə, o zaman provayderdən daha aşağı sürət sifariş edin və boşuna artıq pul ödəməyin.

 Kabel - kabel tipli internet xidməti, kabel TV xidməti göstərən provayderlər tərəfindən təqdim edilir. Koaksial TV kabelləri vasitəsilə realizə edilən bu xidmət istifadəçiləri 3-100 Mbit/s internet ilə təmin edir. Bu texnologiyanın üstünlüyü təqdim edilən internet xidmətinin sürət və keyfiyyətinin məsafədən asılı olmamasıdır. Mənfi cəhəti isə ondan ibarətdir ki, xidmətin təqdim edildiyi ərazidə istifadəçilərin sayı artdıqca sürət aşağı düşür. Xüsusilə də pik saatlarda bu diskomfort özünü daha bariz şəkildə biruzə verir.

 Peyk - peyk internet xidməti, peyk antenləri vasitəsilə peykə qoşulmaqla istifadəçiləri internet ilə təmin edir. Bu xidmət vasitəsilə qoşulan peykdən asılı olaraq və yerləşdiyiniz ərazidən asılı olmayaraq 3-15 Mbit/s internet sürəti əldə etmək mümkündür. Əhatə dairəsinin geniş olması bu texnologiyanın əsas üstünlüyüdür. Mənfi cəhət kimi isə sürətin nisbətən aşağı olması və baha başa gəlməsini qeyd etmək olar.

 FTTH - Fiber To The X  texnologiyası, başqa sözlə desək Fiber-Optik internet xidməti nisbətən yeni texnologiya sayılır. FTTH qoşulması mənzillərə interneti fiber-optik xəttlər vasitəsilə ötürür. Fiber-Optik xəttlərin çəkilməsi baha olsa da, bu texnologiya ilə təqdim edilən internet həm keyfiyyətli, həm də sürətlidir. Hazırda FTTH saniyədə bir neçə qiqabit internət sürəti əldə etməyə imkan verir, lakin bu son hədd deyil. Ümumiyyətlə fiber-otik rabitəyə qoşulmaqla əlavə xidmətlərdən də (İnteraktiv TV kimi) yararlanmaq mümkündür.

 ETTH - Ethernet To The Home texnologiyası ethernet şəbəkə kabeli vasitəsilə mənzillərə keyfiyyətli və sürətli internet  ötürür. ADSL xidmətinə alternativ sayılan ETTH ilə 100 Mbit/s-yə qədər sürət əldə etmək mümkündür. Bu qoşulma növü ilə əlavə xidmətlərdən də faydalanmaq olar. Hazırda provayderlər ETTH xidmətini yeni tikili hündür mərtəbəli binaların sakinləri üçün təqdim edirlər.

 Wi-Fi - local area wireless computer networking texnologiyası şəbəkəyə naqilsiz qoşulmağa imkan verir. Nəzəri olaraq Wi-Fi 108 Mbit/s-yə qədər sürət vəd etsə də, real olaraq bu göstərici 4-6 Mbit/s təşkil edir. Wi-Fi ilə internetə qoşulmağın mənfi cəhəti şəbəkəyə qoşulanların sayının artması ilə sürətin aşağı düşməsidir.

 Wi-Max - Worldwide Interoperability for Microwave Access texnologiyası Wi-Fi texnologiyasının inkişaf etmiş formasıdır. Bu texnologiya Wi-Fi ilə müqayisədə daha keyfiyyətli və etibarlı internet xidməti təqdim edir. Wi-Max ilə 80 km məsafədə 75 Mbit/s-yə qədər internet sürəti əldə etmək mümkündür.

  LTE - Long-Term Evolution texnologiyası bu gün naqilsiz şəbəkələr içərisində ən yüksək sürətlisi hesab olunur. Hazırda LTE baza stansiyasından abonentə qədər 326 Mbit/s, abonentdən baza stansiyasına qədər 172 Mbit/s internet sürəti təqdim edir. Bu texnologiyanın digər adı da 4G texnologiyasıdır.

Qiymət

 Hazırda ölkəmizdə çox sayda internet provayder fəaliyyət göstərir. Bir-birilə rəqabət etmək üçün onlar öz xidmətləri müqabilində müxtəlif qiymətlər təklif edir. Seçim edərkən hər kəsi ilk növbədə ucuz qiymətlər maraqlandırır. Amma çalışın bu məqamda aldanmayasınız. Ucuz qiymət hər zaman sərfəli nəticə demək deyil. Odur ki, ilk öncə təklif edilən xidmətləri və keyfiyyəti müqayisə edin. Yalnız bundan sonra cibinizə uyğun olanı seçin.

Şərtlər və Güzəştlər

  Provayderlər ilkin qoşulmada müəyyən şərtlər və güzəştlər təqdim edirlər. Belə ki, bəzi provayderlər ilkin qoşulma xərcləri istəyə bilər. Bəzi provayderlər isə bonus kimi modem hədiyyə edirlər. Bundan başqa bir neçə ayın ödənişini bir dəfəlik etdikdə, bəzi provayderlər bir ayı pulsuz təqdim edir. Seçim edərkən bu bonusları da nəzərə alsanız yaxşı olar.

Əlavə Xidmətlər

  Provayderlər əksər hallarda aylıq xidmət haqqına daxil olan və olmayan əlavə xidmətlər də təklif edirlər. IP-TV, IP-Telefoniya, Statik IP, daxili şəbəkə və s. xidmətləri bunlara nümunə kimi göstərmək olar. Bu əlavə xidmətlər haqqında ətraflı məlumat əldə etdikdən sonra onlara qoşulub qoşulmamaq haqqında qərar verə bilərsiniz.

Rahat Ödəniş

 Aylıq xidmət haqqının rahat ödənə bilməsi müştəri baxımından çox əhəmiyyətli bir məsələdir. Provayderlər ödənişin müxtəlif formalarını (online, ödəmə kartı, ödəmə terminalları və s.) eyni anda təqdim etməklə müştərilərin rahatlığını təmin edə bilərlər.

Texniki Dəstək

  Provayder seçimində ən vacib kriteriyalardan biri də 7/24 texniki dəstəyin olmasıdır. Müştəri məmnuniyyətini ön planda tutan provayderlər abonentlərə fasiləsiz texniki dəstəyin göstərilməsini öz boyunlarına götürürlər.

Müştəri Fikirləri

 İnternet provayderini seçərkən yuxarıda sadalananlarla yanaşı Sizdən öncə həmin provayderlərin xidmətlərindən istifadə edən müştərilərin fikirlərini də nəzərə alın. 


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.