Google ilə Effektiv Axtarış

Google ilə Effektiv Axtarış

 Gündəlik həyatda müxtəlif informasiyaları axtarmaq üçün Google axtarış motorundan istifadə edirik. Bir çox halda axtardığımızı rahat tapırıq, bəzi hallarda isə çətinlik çəkirik. Və hərdən də elə olur ki, axtarışlarımız bir nəticə vermir. Amma atalar deyib ki, axtaran tapar. Demək ki, nəticə necə axtarmağımızdan asılıdır. Bu günkü məqaləmiz Google ilə düzgün və effektiv axtarışa həsr olunub. Biz Sizə axtarışın 22 qızıl qaydasını göstərəcəyik.

Qayda-1:  Məntiqi VƏYA. Əgər Siz bu və ya bu şəklində sorğu vermək istəsəniz, | (pipe symbol) simvolundan istifadə etməlisiniz:

neft | qara qızıl

 Bu zaman Google həm neft, həm də qara qızıl sözləri rast gəlinən səhifələri axtarıb tapacaq.

Qayda-2: Dırnaq işarələri. Əgər konkret olaraq müəyyən ifadəni axtarmaq istəyirsinizsə, dırnaq işarələrindən istifadə etməlisiniz:

"Hotel California"

 Bu zaman Google yalnız məşhur Beatles qrupunun Hotel California musiqisi ilə bağlı nəticələri təqdim edəcək. Yox əgər biz sorğunu dırnaqsız versəydik, axtarış nəticəsi kimi mahnıdan başqa həm də tur-agentliklər, hotellər və s. çıxacaqdı.

Qayda-3: Məntiqi YOX. Axtarış nəticələrindən müəyyən sözün yer aldığı səhifələri istisna etmək üçün - işarəsindən istifadə etməlisiniz:

tərəvəz -xiyar

 Bu zaman Google tərəvəzlərlə bağlı xiyar xaric bütün səhifələri təqdim edəcək.

Qayda-4: Oxşar sözlər. Əgər Google-un sorğuda göstərdiyiniz sözün oxşarını da axtarıb tapmasını istəyirsinizsə, ~ (tilda) simvolundan istifadə etməlisiniz:

~hippo

 Bu zaman Google hippo sözünə bənzər digər sözlərin (məs. hyppopotamus) də yer aldığı səhifələri axtarıb tapacaq.

Qayda-5: Maskalar. Əgər axtarmaq istədiyiniz sözün və ya ifadənin tamamını xatırlamırsınızsa, * simvolundan maska kimi istifadə edə bilərsiniz:

Qubanın * alması

*pedia.org

 Bu zaman Google axtarış nəticəsi kimi Qubanın ağ almasıwikipedia.org təqdim edəcək.

Qayda-6: Ətraflı axtarış. Əgər Siz yuxarıda sadalanan operatorlardan hər hansı birini unutmusunuzsa və ya daha ətraflı axtarış aparmaq istəyirsinizsə, o zaman Google-un Advanced Search imkanından yararlana bilərsiniz. Bunun üçün sağ yuxarı küncdəki əyarlar menyusundan Advanced search opsiyasını seçmək lazımdır:


Qarşınıza Google-un ətraflı axtarışının səhifəsi çıxacaq:


Qayda-7: Tərif. Əgər Sizi hansısa sözün (termin, anlayış və s.) tərifi maraqlandırırsa, bunun üçün define: açar sözündən istifadə edin:

define: Torium

 Bu zaman Google ilk nəticə olaraq axtardığınız sözün Wikipedia-dan tərifini təqdim edəcək.

Qayda-8: Kalkulyator. Biz Google-dan istifadə edərək həm də riyazi hesablamaların nəticələrini tapa bilərik. Yanlış eşitmədiniz, Google bizim üçün kalkulyatoru əvəz edə bilər:


Qayda-9: Ədəd intervalları. Axtarış sorğusunda ədəd intervallarından (n..m) istifadə edilə bilər:

Bakı 1918..1920

 Bu zaman Google Bakı və göstərilən interval ilə əlaqəli nəticələri çıxaracaq.

Qayda-10: Sayt daxilində axtarış. Əgər Siz axtarışı konkret bir sayt daxilində aparmaq istəyirsinizsə, o zaman site: operatorundan istifadə etməlisiniz:

texniki xidmət site:millibyte.az

 Bu zaman Google texniki xidmət sözlərini yalnız http://millibyte.az saytı daxilində axtarıb nəticələri ona görə təqdim edəcək.

Qayda-11: Kənardan linklər. Əgər url ünvanı verilmiş sayta kənardan olan linkləri görmək istəyirsinizsə, link: operatorundan istifadə etməlisiniz:

link:millibyte.az

 Bu zaman Google http://millibyte.az saytına hansı saytlardan istinad edildiyini tapıb çıxaracaq. Lakin onu da qeyd edək ki, bütün istinadların tapılmasına zəmanət verilmir.

Qayda-12: Kateqoriya üzrə axtarış. Google axtarış motoru imkan verir ki, axtarışı konkret kateqoriya üzrə apara bilək:


Qayda-13: Film. Google-da filmləri, onların hansı kinoteatrda nümayiş etdirildiyi daha rahat tapa bilmək üçün xüsusi movie: operatorundan istifadə edə bilərsiniz:

movie:Titanic

 Bu zaman Google Titanic filminin nümayiş etdirildiyi kinoteatrlar, seans saatları və s. məlumatları təqdim edəcək.

Qayda-14: Musiqi. Google-da konkret olaraq musiqini axtarmaq üçün xüsusi music: operatorundan istifadə edə bilərsiniz:

music:Time to say goodbye

 Bu zaman Google Time to say goodbye mahnısı ilə bağlı nəticələri təqdim edəcək.

Qayda-15: Konvertasiya. Google ilə ölçü vahidləri arasında konvertasiya aparmaq mümkündür:


Qayda-16: Məzənnə. Google valyutaların məzənnəsini öyrənməyə də imkan verir. Məzənnələr Citibank-dan (ABŞ) götürülür:


Qayda-17: Fayl tipi. Əgər Sizin axtarışınız konkret bir fayl tipi üzrədirsə, xüsusi filetype: və ya ext: operatorundan istifadə edə bilərsiniz:

Azerbaijan filetype:ppt

Azerbaijan ext:ppt

 Bu zaman Google Azerbaijan ilə bağlı nəticələri verilmiş fayl tipinə görə təqdim edəcək.

Qayda-18: Yerinə görə axtarış. Adi qaydada Google sorğuda verdiyimiz sözləri hər yerdə axtarır. Amma biz Google-dan axtarışı aşağıdakı yerlər üzrə aparmasını istəyə bilərik:

  • inurl: - url daxilində
  • intitle: - başlıq daxilində
  • intext: - mətn daxilində
  • inanchor: - istinad mətnində

 Aşağıdakı nümunələri nəzərdən keçirin:

Azerbaijan inurl:http://www.fifa.com

Baku intitle:capital

port intext:caspian sea

Azerbaijan inanchor:caucasus

Qayda-19: Səhifələrin keşlənməsi. Google keşlənmiş səhifələrə baxmağa imkan verir. Bunun üçün axtarış sonrasında Sizi maraqlandıran nəticənin sağındakı yaşıl düyməyə vurmaq və açılan menyudan Cached opsiyasını seçmək lazımdır:


Qayda-20: Sayt haqqında məlumat. Hər hansı bir sayt haqqında məlumat əldə etmək üçün info: operatorundan istifadə etmək lazımdır:

info:millibyte.az

Qayda-21: Oxşar saytlar. Xüsusi related: operatoru vasitəsilə verilmiş saytın oxşarlarını tapmaq olar:

related:flickr.com

Qayda-22: Şəkilə görə axtarış. Google ilə verilmiş şəkilə görə axtarış aparmaq mümkündür. Bunun üçün aşağıdakı linkə daxil olmalısınız:

https://images.google.com

Bu qədər :) İnanırıq ki, bu məlumatlar Sizin üçün faydalı olacaq və bundan sonra axtardıqlarınızı daha rahat tapa biləcəksiniz. Google-un proqramçıları isə bizim üçün yeniliklər etməyə davam edəcəklər...


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.