32-bit ilə 64-bit Prosessorların Fərqi

32-bit ilə 64-bit Prosessorların Fərqi

 İstifadəçiləri ən çox maraqlandıran suallardan biri də 32-bit ilə 64-bit prosessorları arasındakı fərqlərdir. Bildiyiniz kimi kompüter performansı böyük ölçüdə prosessordan (CPU) asılıdır. Prosessorda istifadə olunan 32-bit və ya 64-bit arxitekturası isə kompüterdə  hansı tip proqram təminatlarının icra olunacağını şərtləndirir. Bu məqaləmizdə əvvəlcə hər iki arxitektura haqqında ümumi məlumat verəcəyik, sonra da aralarındakı fərqlərdən danışacağıq.

32-bit Processor

 Əksər müasir masaüstü kompüter prosessorları x86 və ya Intel-uyumlu IA32 prosessor arxitekturasına aiddir. Qısa olaraq belə arxitekturalı prosessorlara 32-bitlik CPU-lar deyilir. 32-bitlik CPU-ların əsası Intel şirkəti tərəfindən 1985-ci ildə i80386 prosessorları ilə qoyulmuşdur. Sonrakı illərdə həm Intel, həm də kənar istehsalçılar bu arxitekturanı daha da inkişaf etdirmişlər. Hazırda CPU istehsalında Intel və AMD şirkətləri dominantlıq təşkil edirlər. 

 Bəs 32-bitlik prosessor dedikdə nə nəzərdə tutulur? Qısa şəkildə desək, bu prosessorun mərtəbəliliyini göstərir. Yəni CPU eyni anda 32 mərtəbəlik (bitlik) informasiyanı qəbul edərək emal edir. 32-bitlik prosessorların quraşdırıldığı kompüterlərin əməliyyat sistemləri və digər proqram təminatları da 32-bit əsaslı olurlar. Əgər proqram təminatı 64-bitlikdirsə, o 32-bitlik prosessorla təchiz olunmuş kompüterlərdə çalışmayacaq.

64-bit Processor

 Masaüstü kompüterlər üçün ilk 64-bitlik prosessorları 2002-ci ildə AMD şirkəti təqdim etdi. Sonrakı illərdə Intel də öz 64-bitlik CPU-larını bazara çıxardı. Bundan sonra proqram təminatı istehsalçıları da öz məhsullarının 64-bitlik versiyalarını işləyib hazırladılar. Yeni nəsil prosessorlarda emal edilən informasiyanın mərtəbə sayının artması kompüter texnologiyalarında ciddi performans yüksəlişinə səbəb oldu. 64-bitlik prosessorlarda həm 32-bitlik, həm də 64-bitlik proqram təminatlarını çalışdırmaq mümkündür. Hazırda 64-bitlik arxitektura mobil qurğularda da geniş tətbiq olunmağa başlanmışdır.

32-bit ilə 64-bit CPU-ların Fərqi

 32-bit və 64-bit arxitekturalı prosessorların əsas fərqi onların bir dəfəyə emal etdikləri informasiyanın həcmidir. Bu baxımdan yerinə yetirilən əməliyyatların miqdarı və sürətinə görə 64-bitlik prosessorlar 32-bitlikləri xeyli dərəcədə üstələyir. 64-bitlik CPU-lar iki, dörd, altı və səkkiz nüvəli olurlar. Nüvə saylarının çox olması bir saniyədə yerinə yetirilən əməliyyatların daha çox olması anlamına gəlir. Bu isə kompüterin daha sürətli çalışması deməkdir.

 Digər önəmli fərq isə prosessorların dəstəklədiyi əməli yaddaş - RAM miqdarıdır. Belə ki, 32-bitlik CPU-lar maksimum 4GB-lıq RAM yaddaşı dəstəklədiyi halda, 64-bitliklərdə bu göstərici 1024GB-a qədərdir. Əgər kompüteriniz 64-bitlik CPU ilə təchiz olunubsa və Siz də qrafik, mühəndislik, videomontaj kimi proqramlarla çalışırsınızsa RAM yaddaşını artırmaqla yüksək performans əldə edə bilərsiniz. Onu da qeyd edək ki, əgər kompüterinizdə 32-bitlik prosessordursa, RAM-ı 4GB-dan çox artırmağın mənası yoxdur.

 Bir çox halda istifadəçilər elə düşünür ki, 32-bitlik arxitekturadan 64-bitliyə keçməklə onların bütün proqramları daha sürətli çalışmağa başlayacaq. Əslində isə bu hər zaman doğru deyil. Əgər kompüterdə istifadə olunan proqramlar 32-bit əsaslıdırsa, onlar 64-bitlik prosessorlarda da eyni cür işləyəcəklər.

 Kompüter oyunlarına gəldikdə isə, burda yüksək məhsuldarlığı daha güclü videokard istifadə etməklə əldə etmək olar. Yəni 3D oyunlar oynamaq üçün 32-bitlik prosessorlar da kifayət edər, yetər ki videokardınızın göstəriciləri yüksək olsun.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.