Bulud Yaddaşlar: Rahat və Etibarlı

Bulud Yaddaşlar: Rahat və Etibarlı

 Təsəvvür edin ki, kompüterinizin sərt diski birdəfəlik sıradan çıxır və illərdir topladığınız ailə şəkilləri məhv olur. Və ya planşetiniz oğurlanır və işinizlə bağlı bütün sənədlər yox olur. Və yenə də təsəvvür edin ki, telefonunuz suya düşür və onu xilas etmək olmur. Telefonda isə xüsusi qeydləriniz… Və bir də onu təsəvvür edin ki, hansısa vacib hesabatı hazırlamısınız, amma fləşdiskə köçürməyi və ya lazım olan adama e-poçt ilə göndərməyi unutmusunuz, və Siz də evdən çıxıb uzaqlaşmısınız… Necə də əsəbverici və qıcıqlandırıcı vəziyyətlərdir, deyilmi? Adam heç təsəvvür etmək belə istəmir. Amma bu hallar hər birimizin başına gələ bilər və gəlir də… 

 Müasir dövrdə informasiya itkisi ən böyük itkilərdən sayılır. Gün keçdikcə daha da populyarlaşan bulud yaddaşlar isə bizi bu kimi informasiya itkilərindən tam olaraq sığortalayır. Amma bulud yaddaşların istifadəsinin başqa üstünlükləri də var. Bu günkü məqaləmiz bu mövzuya həsr olunub.

Hər Yerdən Giriş

 Bulud yaddaşların ən böyük üstünlüyü, “bulud”da saxladığınız informasiyaya internetin olduğu istənilən yerdən giriş əldə etməyinizdir. Bu gün isə bizim istifadə etdiyimiz elə bir qurğu (telefon, planşet, notebook/kompüterlər, fotoaparat) yoxdur ki, orda internet olmasın. 


 Əvvəllər hansısa bir faylı daha sonra istifadə etmək məqsədilə ya fləşdiskə köçürürdük, ya da özümüz özümüzə e-poçt yolu ilə göndərirdik. Bulud yaddaşlar həyatımıza daxil olduqdan sonra bu primitiv üsullara artıq ehtiyac qalmadı. Düşünün ki, işdə notebook-da bir hesabat hazırlamağa başladınız, onu kompüterdə deyil “bulud”da saxlayın. Yolda istəsəniz bu hesabata planşet və ya mobil telefonunuzdan nəzər gəzdirə bilərsiniz. Evə gəldikdən sonra isə ev kompüterinizlə qaldığınız yerdən işinizə davam edə bilərsiniz. Əksər bulud texnologiyalar hər platformaya uyğun öz tətbiqlərini (applications) istifadəçilərin xidmətinə verirlər. Hər cihazınızda quraşdırılmış bu tətbiqlər vasitəsilə Siz “bulud”da saxladığınız bütün fayl və qovluqlarınıza rahat giriş imkanı əldə etmiş olursunuz. Və daha da maraqlısı tətbiqlərin olması sadəcə bir alternativdir. Çünki bulud yaddaşlar fayl və qovluqlara girişi veb-brauzerlər vasitəsilə də təmin edirlər.

Daha Çox Yaddaş

 Bilmirəm yadınıza gəlir ya yox, fləşdisklər yeni-yeni ortaya çıxdığı zaman həcmləri çox az idi: 128MB, 256MB, 512MB və 1GB. Bəzən elə olurdu ki, daha çox informasiyanı özü ilə daşımaq istəyənlərin çantasında 2-3 dənə fləşdisk olurdu. Həmin dövrlər daxili və xarici sərt disklərin də yaddaş həcmləri çox böyük deyildi. 


 Doğrudur indi həm sabit, həm də daşına bilən yaddaş qurğularının yaddaş ölçüsü xeyli dərəcədə artıb. Lakin onlara əlavə pul vermək və çantada daşımaq artıq çoxdan dəbdən düşüb. Çünki indi bulud yaddaşlar var. Onların həm həcmi (pulsuz 5-15GB, pullu 50GB-dan başlayaraq) böyükdür, həm də cibdə və ya çantada daşımağa ehtiyac yoxdur. 

Yedəkləməyə (Backup) Son

 İri həcmli informasiyalarla işləyənlərin ən böyük qayğılarından biri də yedəkləmədir. İşlədiyimiz fayl və qovluqların daha etibarlı saxlanması məqsədilə biz onların fiziki nüsxəsini çıxardıb başqa yerlərdə də saxlayırıq. Axı kompüterimizin sərt diski sürpriz olaraq sıradan çıxa bilər, fləşdiski isə itirə bilərik. Bulud yaddaşlarda isə belə problemlər yoxdur. Ona görə ki, fərqli qurğulardakı bütün verilənlər sinxronizasiya edilərək son nəticədə “bulud”da bir yerdə saxlanılır. Onları birdən itərlər deyə nüsxələməyə də ehtiyac yoxdur. 


 Bulud yaddaşlar üçün ayrılan serverlər isə çox etibarlıdırlar. Hətta onlarda bir problem olsa belə, yenə də qorxusu yoxdur. Çünki Sizin və milyonlarla istifadəçinin məlumatları bulud provayderlərin özləri tərəfindən başqa serverlərdə mütəmadi olaraq yedəklənirlər.

Rahat Sinxronizasiya

 Bulud yaddaşlarla işləyərkən “bulud”da saxlanılan fayl və qovluqların bir nüsxəsi də lokal qurğuda (telefon, planşet, notebook/kompüterlər) saxlanılır. Biz hər zaman bu nüsxələrlə işləyirik. Bulud texnologiyalar ona imkan verir ki, bütün qurğularda və “bulud”da saxlanılan məlumatlar öz aralarında sinxronlaşmış halda olsunlar. Məsələn biz kompüterdə sinxronlaşmış bir fayl ilə işləyərkən onun son halı “bulud”a yüklənmiş olur. Bu sinxronizasiya avtomatik şəkildə həyata keçirilir.

Rahat Paylaşım

 Biz gündəlik həyatımızda elektron informasiyanı tez-tez başqaları ilə paylaşmalı oluruq. Bulud yaddaşlardan əvvəl belə paylaşımları etmək bir qədər əziyyətli idi. Kiməsə hansısa faylı göndərmək üçün biz adətən e-poçt xidmətindən istifadə edirik. Amma burda da göndərilən faylların həcminə bir limit (adətən 50MB) qoyulur. Belə olan halda iri həcmli faylları kiməsə göndərmək üçün fayl mübadilə servislərindən istifadə etməli oluruq. Bunun üçün əvvəlcə paylaşmaq istədiyimiz faylı həmin servisə yükləyirik, sonra endirmə linkini dostumuza göndəririk. O da həmin linkdən daxil olub, ordakı faylı endirir. Çox da çətin məsələ deyil, amma asan yolu da var. Əlbəttə ki, bulud yaddaşlar. 


Biz paylaşmaq istədiyimiz faylları “bulud”da paylaşıma açırıq və dostumuz da həmən fayla giriş imkanı əldə etmiş olur. 

Etibarlılıq

 Və nəhayət etibarlılıq. Bulud yaddaş provayderləri məlumatlarımızın tam etibarlı şəkildə qorunmasına zəmanət verir. Qurğu-bulud-qurğu arasında ötürülən məlumatlar şifrələnir. Təhlükəsizliyin optimal təmin edilməsi məqsədilə əksər bulud şirkətləri iki addımlı verifikasiyadan istifadə edirlər. Bu isə o deməkdir ki, hətta şifrəmizi ələ keçirsələr belə, giriş üçün ikinci təsdiqetmə haqqı bizdə qalacaq. Yəni başqası “bulud”a daxil olmaq üçün login və şifrəmizi yazdıqdan sonra bizə bunu təsdiq etmək üçün e-məktub və ya sms gələcək. Ümumiyyətlə son zamanlar bir çox elektron xidmət portalları iki addımlı verifikasiyadan istifadə edirlər.


 Son olaraq Sizə bir neçə bulud yaddaş provayderini məsləhət görə bilərik:


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.