Bad Sector ilə Nə Etməli

Bad Sector ilə Nə Etməli

 Kompüterin əhəmiyyətli hissələrindən biri onun daimi yaddaş (sərt disk) qurğusudur. Yaddaş qurğularından hər səfərində nəsə oxunur, onlara müxtəlif məlumatlar yazılır və pozulur. Bu çoxsaylı oxuma və yazma əməliyyatları nəticəsində zamanla yaddaş qurğuları köhnəlir və sonunda ömürlərini başa vururlar. Yaddaş qurğuları da insanlar kimi həyatları boyunca “xəstələnirlər”, yəni onlarda bad sectors (qüsurlu sektorlar) əmələ gəlir. Bu bad sectorlardan bəziləri “müalicə” oluna bilir. Bəzilərini isə bərpa edib həyata qaytarmaq mümkün olmur, lakin onları təcrid etmək olur. Yaddaş qurğularında bərpa oluna bilməyən bad sectorların sayı xeyli dərəcədə çoxalanda bu həmin yaddaş qurğularının texnoloji həyatlarının sonu olur…


İlkin Bad Sectorlar

 Zavodda sərt disklər ilkin istehsaldan sonra tam şəkildə test edilirlər. Texnoloji rejimdə həyata keçirilən bu yoxlama 2-12 saat davam edir. Test müddətində sərt diskdə aşkarlanan nasaz bölgələr haqqında məlumatlar P-List (primary) adlanan cədvələ yazılır. Bundan sonra aşağı səviyyəli formatlama aparılır və nöqsanlı sektorlar nəzərə alınmaqla translyator yenidən yazılır. Keyfiyyətli sərt disk istehsalçıları yaddaş plastinlərinin seçimində çox həssas davranırlar. 


 Belə ki, test prosesinin sonunda P-List cədvəli nəzərdə tutulduğundan daha çox dolursa, belə sərt diskləri brak elan edirlər. Əgər qüsurlu sektorlar disklərin əvvəli və ya sonunda yerləşirsə, onları sadəcə bloklayırlar və bununla da disk həcmi nəzərdə tutulduğundan cüzi miqdarda daha az alınır. Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olur ki, ilkin bad sectorlar məhz istehsalat prosesində əmələ gəlirlər və istehsalçılar bu qüsurlu sectorları öncədən təcrid etməklə onları oxuyucu/yazıcı başlıq üçün “görünməz” edirlər. Bir daha xatırladaq ki, ilk bad sectorlar P-List cədvəlinə qeyd edilirlər.


İstismar Zamanı

 Bəs istismar zamanı bad sectorlar əmələ gəldikdə nə etməli? İstehsalçılar bu halı da əvvəlcədən düşünüblər. Belə ki, HDD qurğuları P-List cədvəlindən savayı, həm də Pending-List, G-List və eləcə də servo-işarələr cədvəli ilə təchiz edilir və yalnız bundan sonra satışa çıxarılır. Əgər diskin çalışması əsnasında hansısa sektora müraciətdə ləngimə (istehsalçı tərəfindən müəyyən edilmiş) qeydə alınırsa, həmin sektor müvəqqəti Pending-List cədvəlinə daxil edilir. Daha sonra əlavə yoxlama aparılır və müəyyən olunsa ki, həmin sektor yararlıdır, onun adı Pending-List cədvəlindən çıxarılır, əks halda həmin sektor G-List (grown) cədvəlinə daxili edilir və ona bir daha müraciət edilmir. G-List cədvəlinə göndərilən “pis” sektor diskdə yerləşən rezerv sektorla əvəz edilir. Qeyd edək ki, rezerv sektorlar fiziki olaraq sərt diskin sonunda, yəni mərkəzində yerləşirlər. Bütün bu işlərlə HDD-nin “ağıllı” məntiqi və kontroller məşğul olur. Lakin rezerv sektorların sayı qeyri-məhdud deyil, sərt diskdə onlar üçün bir neçə yüz yer ayrılıb. Bundan başqa zamanla G-List cədvəli dolub daşır. Belə olan halda qarşımıza iki variant çıxır. Ya sərt diskimizi kvalifikasiyalı mütəxəssisə aparmalı və o da aşağı səviyyəli formatlama edərək G-List cədvəlini P-List cədvəlinə köçürməlidir. Ya da sərt diskdən vaz keçməli və yenisini almaq barədə düşünməliyik.


Servo-işarələr

 Yuxarıda qeyd etdik ki, HDD-lərdə həm də servo-işarələr cədvəli olur. Servo-sistem disk cıdırlarında başlığın mövqeləndirmə texnologiyasıdır. Ümumiyyətlə bu çox mürəkkəb bir sistemdir. Disk plastinlərinin yaddaş həcmi artdıqca, servo-sistem də mürəkkəbləşir və eyni zamanda təkmilləşdirilir. Defekt servo-işarə ortaya çıxanda başlıq trek (cıdır) üzərində düzgün mövqelənə bilmir və belə demək mümkünsə, bir tərəfdən o biri tərəfə “tullanmağa” başlayır. Belə olan halda səs çarxcığı (mövqeləndirmə başlığı) xoş olmayan ciyilti səsləri də çıxarır. Bundan başqa defekt servo-işarə özünü ardıcıl gələn bad-blocks kimi də göstərə bilir. Qüsurlu servo-işarələr haqqında məlumatlar müvafiq servo-işarələr cədvəlinə yazılır. Sərt diskin elektronikası servo-işarəni müstəqil şəkildə bərpa etməyə qadir deyil. Qeyd etmək lazımdır ki, defekt servo-işarələr rezerv sektorlar ilə əvəzlənmirlər. Əgər sərt diskdə qüsurlu servo-işarələrin sayı artırsa, onları servis mərkəzində sadəcə bağlayırlar və bundan sonra aşağı səviyyəli formatlama apararaq translyatoru yenidən yazırlar. Nəticə etibarilə ən pis halda disk plastinlərinin xeyli hissələri “söndürülmüş” olur.


Bad Sectorların Növləri

 Bad sectorlar iki qrupa ayrılır: fiziki və məntiqi. Gəlin onları ətraflı şəkildə nəzərdən keçirək.

 Fiziki bad sectorlar disk plastinlərinin səthində olan defektlərdir. Bu defektlər adətən başlıq ilə plastinin arasına toz düşməsi, maqnit qatının köhnəlməsi və qızma nəticəsində tökülməsi hallarında əmələ gəlir. Təəssüflər olsun ki, fiziki bad sectorların bərpası ev şəraitində, hətta bəziləri heç servis mərkəzində də mümkün deyil.

 Məntiqi bad sectorlar isə adətən həm elektronik, həm də mexaniki hissələrin işi prosesində baş verən nöqsanlardan qaynaqlanır. Bunlardan bəziləri düzəldilə bilir, bəziləri isə yox. Düzələ bilən məntiqi bad sectorlar əsasən verilənlərin sektora tam yazılmaması nəticəsində ortaya çıxır. Bu hal o vaxt baş verir ki, elektrik cərəyanı anidən kəsilir. Belə bad sectorların “müalicəsi” ev şəraitində diskin “sıfırlanması” ilə aparılır.

 Düzələ bilməyən məntiqi bad sectorlar nadir hallarda (sektorlarında sərlövhə olan HDD modellərində) baş verir. Onların baş vermə səbəbi kimi HDD-nin güclü maqnit sahəsinə düşməsini göstərmək olar. Bununla belə bu cür bad sectorları servis mərkəzində sərt diski aşağı səviyyəli formatlama edərək aradan qaldırmaq olar. Bir şeyi də qeyd edək ki, müasir HDD-lərdə sektor sərlövhələri tətbiq olumur. Odur ki, yaxın gələcəkdə belə bad sectorlar ümumiyyətlə baş verməyəcək.

 Bad sectorların baş verməsi həm də adaptiv defektlərdən qaynaqlana bilər. Adaptivlər, zavodda HHD-nin test mərhələsində generasiya olunan dəyişənlərdir. Bu dəyişənlər hər sərt disk üçün fərdi tənzimləmə olub ya diskin DYQ-sinə, ya da xidməti zonasına yazılırlar. Adaptivlərin zədələnməsi çox sayda bad sectorların əmələ gəlməsinə gətirib çıxarır. Adaptiv defektləri servis mərkəzində HDD-nin qurğu təminatı ilə proqram təminatını sinxronizasiya etməklə aradan qaldırmaq mümkündür.

 Son olaraq onu da qeyd edək ki, yenidən təyin edilmiş sektorlar haqqında məlumatı SMART hesabatından əldə etmək olar. Bu zaman hesabatdakı Reallocated Sector Count və Reallocated Event Count parametrlərinə baxmaq lazımdır. İdeal halda onların sayı sıfır olmalıdır.


Simptomlar

 Bad sectorların əmələ gəlməsinin aşağıdakı simptomları ola bilər:

  • Proqramların və əməliyyat sisteminin gec yüklənməsi;
  • Bəzi proqramların işində nöqsanlar (sazlamaların itməsi, müəyyən funksiyaların işləməməsi);
  • Fayl və qovluqların itməsi, faylların zədələnməsi;
  • Faylların kopyalanması zamanı həddindən artıq ləngimələrin qeydə alınması.


Terminologiya

 İndi isə gəlin yaddaş qurğuları ilə bağlı bəzi terminlərin izahına göz gəzdirək.

 Translyator — diskin ünvan məkanının cədvəlidir. Bu cədvəl HDD-in Daimi Yaddaş Qurğusunun (DYQ ) mikrosxemində yerləşdirilir. Translyator cədvəli Low Level Format (Aşağı Səviyyəli Format) əməliyyatının sonunda P-List cədvəlinə yazılan bad blocklar nəzərə alınmaqla tərtib olunur. Sərt diskin istismarı zamanı translyator kontrollerlə bərabər işləyir. Bu cədvəl vasitəsilə HDD-in fiziki həndəsəsi məntiqi (virtual) həndəsəyə interpretasiya olunur. Yaddaş qurğularında bəzi defektlər translyatorun korlanması səbəbindən baş verir.

 Up Date Defects — defektlərin gizlədilməsi və translyatorun yenidən yazılması əməliyyatıdır. Çox da ucuz olmayan bu əməliyyat ciddi servis mərkəzlərində PC-3000 proqram-aparat kompleksi kimi qurğularda həyata keçirilir. 

 Sektor — sərt disk səthinin minimal hissəsidir. Verilənlərin yazıldığı hər bir sektor bir neçə bölgədən ibarətdir. Bu bölgələrdə ünvan markeri, ünvanın kontrol cəmi, 512 baytlıq verilənlər və xətaların korreksiya kodları yerləşir. Sektorlar birləşərək blokları (klasterləri) təşkil edir. Blok daxilindəki sektorların sayı fayl sistemi tərəfindən tənzimlənir. 

 Remap — defekt sektorların rezerv sektorlarla əvəzlənməsi əməliyyatıdır. Bu rezerv sektorlar adətən diskin sonunda (mərkəzdə) yerləşir.

 LBA (Logical block addressing) — sərt və ya optik diskin verilənlər blokuna ünvanlama və giriş mexanizmidir. Burada hər bir blokunun öz nömrəsi olur. LBA da konkret bir sektorun nömrəsidir. Bəzi proqramlarda LBA-nı qeyd etməklə skanlama, silmə, diskin bölünməsi kimi əməliyyatların hansı sektordan etibarən həyata keçirilməli olduğu göstərilir.

 HPA  (Host Protected Area) — sərt diskin qorunan bölgəsidir. Bu bölgədə çox kritik xidməti informasiya yerləşir. HPA-ya əməliyyat sistemi və proqramların girişi məhdudlaşdırıldığına görə o dəyişmə və zədələnmədən qorunmuş olur. 

 S.M.A.R.T. (self-monitoring, analysis and reporting technology) — sərt diskin vəziyyətinin qiymətləndirilməsi texnologiyasıdır. Bu qiymətləndirmə müasir HDD-lərin daxilinə yerləşdirilmiş özünüdiaqnostika aparatı vasitəsilə aparılır. 


Bad Sectorlara Qarşı Tədbirlər

 İlk əvvəl onu qeyd edək ki, əgər sərt diskdə fiziki bad sector əmələ gəlibsə, o sectoru "həyata qaytarmaq" mümkün deyil. Biz burada bad sectorlara qarşı tədbirlər deyəndə iki şeydən biri nəzərdə tutulur: ya bad sectorun "görünməz" edilməsi, ya da onun rezerv sector ilə əvəzlənməsi.

 Sərt disklərdə əmələ gələn bad sectorlarla bağlı ən çox remap əməliyyatı həyata keçirilir. Remap əməliyyatında əvvəlcə disk səthindən oxuma prosesi icra olunur. Əgər diskin hər hansı sektorundan oxuma zamanı nəzərdə tutulduğundan daha artıq ləngimə qeydə alınırsa, həmin sektora məlumat yazılmasına cəhd göstərilir. Yazılma uğurla həyata keçdiyi təqdirdə sözü gedən sektor yararlı hesab edilərək işlək vəziyyətdə saxlanılır. Əks halda isə kontroller bu sektorun bad-sector identifikasiya sahəsində köçürüldü bayrağını qeyd edir, sektorun verilənlər sahəsinə isə G-List cədvəlindən rezerv sektorun ünvanını yazır. G-List cədvəlinə eyni zamanda həmin bad sectorun identifikasiya məlumatları da qeyd olunur. 

 Beləliklə remap əməliyyatı defekt sektorları rezerv sektorlarla əvəzləmiş olur. Bundan sonra sərt diskin zədəli sektoruna müraciət olunduqda onun bad sector olduğu bildirilir və disk başlığı qeyd olunan rezerv sektora yönləndirilir. Bəzi HDD modellərində rezerv sahələr diskin sonunda deyil, elə cığırlarda yerləşir. Bu metod daha əlverişlidir, çünki rezerv sektorlara yönləndirilən disk başlığı “uzaq” məsafə qət etmir və bununla da vaxta qənaət edilmiş olur. Qeyd etmək lazımdır ki, remap əməliyyatını fayl sistemini silmədən və faylları zədələmədən həyata keçirmək mümkündür. Bu zaman yalnız bad sector ilə bir klasterdə yerləşən fayl korlana bilər.


 Sərt disklərdəki bad sectorlar ilə bağlı daha bir əməliyyat isə reassign əməliyyatıdır. Remap əməliyyatından fərqli olaraq reassign bütöv disk üzərində deyil, konkret götürülmüş bir sektor üzərində həyata keçirilir. Bundan başqa Automatic Defect Reassignment əməliyyatı da vardır ki, bu əməliyyat sərt diskin özünüdiaqnostikası zamanı istifadəçiyə hiss etdirilmədən icra olunur.

 Yuxarıda bir neçə yerdə Low Level Format (Aşağı Səviyyəli Format) əməliyyatının adını çəkdik. Gəlin indi bu əməliyyatın mahiyyətini də açıqlayaq. Aşağı səviyyəli formatlama zavodda sərt disklərin istehsalı vaxtı həyata keçirilir. Bu zaman diskin maqnit səthi üzərində 512 KB-lıq sektorlar düzəldilir və onların xəta korreksiya kodları qeyd edilir. Əməliyyatın yekununda isə translyator yazılır. Məlumat üçün deyək ki, bir vaxtlar ana platanın BIOS-larında aşağı səviyyəli format opsiyaları var idi. Bu imkan ona görə nəzərdə tutulmuşdu ki, HDD, onun kontrolleri və ana plata arasında sinxronizasiyanı həyata keçirmək mümkün olsun. Hazırda həmin prosedur öz aktuallığını itirdiyinə görə istehsalçılar da HDD-lərin adi iş rejimində LLF imkanını ləğv ediblər.

 Ümumiyyətlə aşağı səviyyəli formatlama heç də sadə əməliyyat deyildir və burda çox ehtiyyatlı olmaq lazımdır. LLF disk həcmindən asılı olaraq bir neçə saat çəkə bilər. Əgər proses boyunca elektik cərəyanı kəsilərsə, translyator yazılmamış olacaq və HDD-ni bərpa etmək üçün servis mərkəzinə aparmalı olacaqsınız. Bəzi istifadəçilər səhvən elə düşünürlər ki, Low Level Format əməliyyatı DOS rejimində fayl sistemi meydana gətirilərkən həyata keçirilən əməliyyatdır. Məlumat üçün deyək ki, DOS-da edilən formatlama məntiqi və ya yüksək səviyyəli formatlama əməliyyatı adlanır.


Tövsiyyə Edilən Proqramlar

 Aşağıdakı proqramlar disklər ilə işləmək və bir sıra əməliyyatları aparmaq üçün nəzərdə tutulmuşdur:


Victoria Proqramının İstifadəsi

 İndi isə gəlin Victoria proqramının istifadəsini qısa şəkildə nəzərdən keçirək. Victoria-nı yükləyin və instalyasiya edin. Proqramı çalışdırın və aşağıdakı əməliyyatları ardıcıllıqla icra edin:

1. Standard tabına keçin.

2. Sağda tərəfdə yoxlamaq istədiyiniz sərt diski seçin. Əgər kompüterinizdə bir sərt disk varsa, o avtomatik olaraq seçilmiş olacaq.


3. Test tabına keçin və skan etmənin dörd rejimindən birini (indiki halda Ignore) seçin. Və sonra Start düyməsinə vurun.


 Bununla da sərt diskin test edilməsi əməliyyatı başlayacaq. Prosesin müddəti sərt diskin həcmindən və bad sectorların sayından asılı olacaq. Gördüyünüz kimi burada dörd rejim var. Gəlin onları nəzərdən keçirək:

 Ignore rejimi seçildikdə sərt diskdə aşkarlanan bad sectorlar sadəcə iqnor edilir, yəni test sonunda onlar aradan qaldırılmır. Sərt diskin cari vəziyyətini qiymətləndirmək üçün ilkin olaraq bu rejimin seçilməsi məsləhət görülür. Ona görə də yuxarıda biz bu rejimi seçdik.

 Remap rejimi seçildikdə bad sectorlar tapılaraq rezerv sectorlar ilə əvəzlənirlər. 

 Erase rejimi seçildikdə bad sectorlar gizlədilirlər. Bu sectorlar “görünməz” edilməklə onlara müraciətin (oxuma və yazma üçün) qarşısı alınmış olur.

 Restore rejimi seçildikdə əgər mümkündürsə zədəli sektorlar (məntiqi bad sectorlar) bərpa edilir.

 Yuxarıda qeyd etdik ki, başlanğıcda Ignore rejimini seçməyiniz tövsiyyə olunur. Əgər testin nəticəsində bad sectorlar aşkarlanarsa, bundan sonra skan əməliyyatını Remap rejimində yenidən başlatmaq lazımdır ki, həmin bad sectorlar rezerv sectorlar ilə əvəz edilsin.


 Sərt diskiniz test edildikdən sonra sektorları təsvir edən xanalar müxtəlif rənglərlə "boyanmış" olacaq:

  • Boz rəng sağlam olan sektorları bildirir.
  • Yaşıl rəng sorğulara gec cavab verən lakin hələ də yaxşı vəziyyətdə olan sektorları göstərir.
  • Narıncı rəng isə işlək amma yaxın zamanda sıradan çıxacaq olan sektorları təsvir edir. 
  • Qırmızı rəng sərt diskin ömrünü qısa zamanda başa vuracağına işarədir.
  • Göy rəng isə yararsız sektorları bildirir. Fiziki zədə alan bu sektorları bərpa etmək artıq mümkün deyil. Tək çarə onları bad elan etmək və rezerv sektorlarla əvəz etməkdir.
 Əgər diaqnostika nəticəsində 100-dən artıq narıncı sektor aşkarlanarsa, yeni sərt disk almaq barədə fikirləşməyə başlamaq lazımdır.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.