İnternetin Sürətini Necə Ölçməli

İnternetin Sürətini Necə Ölçməli

 İnternetin həyatımızdakı rolu günbəgün artır. Provayderlər də daha yüksək sürət vəd edir... Və biz daha yüksək sürət üçün daha çox pul ödəməyə istəkli oluruq. Bəzən isə internetin sürətindən narazı qalırıq. Bəs görəsən bizə söz verilən sürət əslində nə qədərdir? Bü günkü məqaləmizdə bu haqda danışacaq və Sizə internetinizin real sürətini ölçməyi göstərəcəyik.


İnternet sürəti nə deməkdir?

 Provayderlər Sizinlə internet xidməti üzrə müqavilə bağlayarkən müəyyən internet sürəti vəd edirlər. İnternetin sürəti Kbit/san və ya  Mbit/san olaraq göstərilir və aylıq ödəyəcəyiniz məbləğ bu sürətə görə təyin edilir. Bəs bu sürət nəyi ifadə edir? İnternet sürəti dedikdə müəyyən bir zaman dilimində (saniyə ərzində) qəbul edilən (download) və ya ötürülən (upload) informasiyanın həcmi (meqabit) nəzərdə tutulur. 


 Bildiyiniz kimi informasiyanın ən kiçik ölçü vahidi bitdir və 1 bayt = 8 bit deməkdir. Əgər provayderiniz Sizə 100 Mbit/san download sürəti verirsə, bu o deməkdir ki, bir saniyə ərzində qlobal şəbəkədən 12.5 MB (meqabayt) informasiya qəbul edə bilərsiniz. Xatırladaq ki, 1 Mbit (meqabit) = 0.125 MB (meqabayt) edir. Əyani misal çəksək deyə bilərik ki, əgər 1.5 GB (qiqabayt) həcmdə film download etmək istəsəniz, bu Sizin 2 dəqiqə vaxtınızı alacaq.


İnternetin sürəti nələrdən asılıdır?

 İstifadə etdiyimiz internet xidmətinin sürəti aşağıdakı amillərdən asılıdır:

  • İnternet provayderin təmin etdiyi kanal genişliyi;
  • Qoşulmanın keyfiyyəti;
  • Provayder xəttinin yüklənməsi;
  • Naqilsiz qoşulmalarda Wi-Fi ruterin konfiqurasiyası və sürəti;
  • Sizin şəbəkənizə qoşulan istifadəçilərin sayı;
  • Kompüterin imkanları və əməliyyat sisteminin sazlamaları;
  • Kompüterdə quraşdırılmış brandmauer və antivirus proqramları;
  • Arxa fonda qlobal şəbəkə üzərindən çalışan proqram və utilitlər;
  • Daxil olduğunuz saytların yerləşdiyi serverlərin imkanları və yüklənməsi.


İnternetin sürətini necə ölçməli?

 İnternetin sürətini ölçmək üçün aşağıda göstərilən pulsuz online servislərdən istifadə etmək olar:


SpeedTest Servisinin İstifadəsi

 SpeedTest  günümüzdə internetin sürətini ölçmək üçün istifadə olunan ən populyar servisdir. İnternet sürətinizi ölçməyə başlamadan öncə şəbəkə ilə bağlı proqramlardan (online video, radio, torrent, online oyunlar, çat proqramları və s.) çıxmağınız məsləhət görülür, əks halda ölçmə nəticələri obyektiv olmayacaq. 

 Servisdən istifadə çox asandır. Bunun üçün www.speedtest.net saytına daxil olun və BEGIN TEST düyməsinə vurun:


 Bundan sonra qısa zaman ərzində ölçmə aparılaraq internet sürətinizlə bağlı aşağıdakı göstəricilər Sizə təqdim olunacaq:


 Gəlin bu göstəriciləri qısa şəkildə nəzərdən keçirək.

PING - şəbəkələrdə qoşulmaları TCP/IP əsasında yoxlamaq üçün istifadə olunan utilitdir. Qısa şəkildə desək, burada PING göstəricisi serverə göndərilən sorğu ilə ona cavab verilməsi arasında keçən zamandır. Bu müddət millisaniyə ilə ölçülür.

DOWNLOAD SPEED - qlobal şəbəkə üzərindən əldə etdiyiniz informasiyanın yüklənmə sürətidir.

UPLOAD SPEED - qlobal şəbəkə üzərindən ötürdüyünüz informasiyanın göndərilmə sürətidir.

 Son olaraq onu qeyd edək ki, əgər test nəticəsində əldə etdiyiniz göstəricilər provayder tərəfindən müqavilə əsasında Sizə söz verilən göstəricilərdən kəskin dərəcədə fərqlənirsə, ən qısa zamanda provayderinizin texniki dəstək və müştəri xidmətlərinə müraciət edin.


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.