Ping Nədir və Necə Ölçülür?

Ping Nədir və Necə Ölçülür?

 Ping —  şəbəkələrdə TCP/IP əsaslı qoşulmaları yoxlamaq üçün istifadə olunan xüsusi proqramdır. Bütün əməliyyat sistemlərinə inteqrasiya edilən bu proqram sorğu göndərilən kompüterin həmin sorğuya  cavab verməsi müddətini ölçməyə imkan verir. Ping proqramı 1983-cü ildə amerikalı mühəndis Mayk Muuss tərəfindən yazılmışdır.

 Hazırda ping deyəndə proqramın özündən daha çox kompüterin sorğuya reaksiya müddəti anlaşılır. Mahiyyət etibarilə ping — bir kompüterdən başqa kompüterə göndərilən şəbəkə paketinin mənzil başına çatıb geri qayıtmasına sərf olunan müddətdir. Bu müddət millisaniyə ilə ölçülür.

Ping necə işləyir?

 Göndərən kompüter səda-sorğunu (ICMP Echo-Request) formalaşdırır və şəbəkə vasitəsilə bu sorğunu qəbul edən kompüterə göndərir. Sorğuda onu göndərənin və qəbul edənin IP ünvanları qeyd olunur. Bu sorğu mənzil başına çatana qədər bir çox qovşaqdan keçir. Nəhayətdə səda-sorğunu qəbul edən kompüter onu göndərənə səda-cavab (ICMP Echo-Reply) yollayır. Göndərən kompüter qəbul edən kompüterdən öz sorğusuna verilən cavabı geri alan kimi bu prosedura sərf olunan zamanı hesablayır. 

 Səda-sorğunun həcmi 1-65000 baytdan ibarət ola bilər. Bu həcm nə qədər çox olarsa, ping müddəti də bir o qədər çox olacaq. Pingdən istifadə etməklə şəbəkə qovşaqları arasındakı əlaqəni rahatlıqla yoxlamaq mümkündür.

Ping nədən asılıdır?

 Yuxarıda qeyd etdik ki, ping müddəti sorğunun göndərildiyi andan etibarən ona verilən cavabın göndərənə gəlib çatmasına qədər sərf olunan zaman kəsiyidir. Bu müddət aşağıdakı faktorlardan asılıdır:

  • Sorğunun həcmi
  • Qoşulmanın sürəti
  • Kanalın yüklənməsi
  • Aralıq qovşaqların sayı

Yaxşı ping neçə olmalıdır?

 Ping nə qədər aşağı olarsa, bu bir o qədər yaxşıdır. Daha dəqiq ifadə etsək, pingin az olması şəbəkə qovşaqları arasındakı informasiya mübadiləsinin daha sürətli həyata keçməsi deməkdir. Bir çox şəbəkə proqramlarında, xüsusilə də online oyunlarda pingin aşağı olması arzuolunan haldır. Əks halda ləngimələr qeydə alınacaq və bu da öz növbəsində istifadəçidə diskomfort meydana gətirəcək. Bəzi hallarda sorğu göndərilən zaman cavab gəlməyə də bilər. Bunun səbəbi sorğunu qəbul edən kompüterin işləməməsi və ya axtarılan qovşağın şəbəkədə tapılmaması ola bilər. Başqa bir səbəb isə qəbul edən kompüterdə firewall proqramının göndərilən səda-sorğuları bloklamasıdır.

 Ümumiyyətlə hansısa ping müddətinin obyektiv şəkildə yaxşı olmasını deyə bilmək üçün şəbəkənin istifadə etdiyi protokolları və proqramların parametrlərini bilmək lazımdır. Saytlarda adi sörfinq zamanı isə aşağıdakı göstəricilərə görə fikir yürütmək olar:

  • 50 msan-ə qədər: əla ping
  • 50-100 msan: yaxşı ping
  • 100-300 msan: orta ping
  • 300 msan-dən yuxarı: zəif ping

Pingi necə ölçməli?

 Pingi ölçmək üçün əmr sətrindən (command prompt) istifadə etmək lazımdır. Bunun üçün Start-dan axtarış yerində cmd yazıb enter düyməsinə vurun. Burada ping əmrindən sonra sorğu göndərmək istədiyiniz saytın adını və ya IP ünvanını yazın və enter düyməsinə vurun:




 Gördüyünüz kimi Google üçün ping müddəti 25 msan təşkil edir.

Əgər ping yoxdursa?

 Bəzən elə hallar olur ki, ping etmək mümkün olmur. Bunun səbəbini adətən istifadə etdiyiniz ruterin sazlamalarında axtarmaq lazımdır. Əmin olun ki, ruterdə ping etməyə (Enable WAN Ping) icazə verilir. Bəzən isə provayderin avadanlığı şəbəkəni əlavə yüklənmədən qorumaq üçün ICMP-sorğularını iqnor edə bilər. 


Məqalədən istifadə zamanı http://millibyte.az saytına istinad göstərilməsi mütləqdir.