Kompüterin Fiziki Portları

Kompüterin Fiziki Portları

 Kompüterin fiziki portları periferik qurğuların qoşulması üçün nəzərdə tutulan interfeyslərdir. Kompüterinizin arxa panelinə baxsanız müxtəlif qurğuların qoşulması üçün müxtəlif portları görmüş olacaqsınız. Bugünkü məqaləmizdə biz bu portların təyinatı və xüsusiyyətləri barədə danışacağıq.

USB Portları

 Bu gün USB (ing. Universal Serial Bus - universal ardıcıl şin) ən geniş istifadə olunan portdur. İlk versiyası (USB 1.0) 1990-ların ortalarında işıq üzü görmüşdür. USB portu kompüterə birləşdirilən periferik qurğuların qoşulmalarını standartlaşdırmaq məqsədilə işlənib hazırlanmışdır. 



 Onun vasitəsilə periferik qurğular həm informasiya mübadiləsini həyata keçirir, həm də elektrik enerjisi ilə qidalanırlar. Hazırda USB portlarının müxtəlif variantlarından istifadə olunur. Əksər periferik qurğular (maus, klaviatur, printer, optik oxuyucular və s.) USB 2.0 standartı ilə çalışırlar. Bununla belə daha müasir və sürətli (saniyədə 5 gigabitə qədər informasiya ötürə bilən) USB 3.0 portları da geniş tətbiq olunmağa başlayır.

eSATA Portu

 eSATA (External Serial Advanced Technology ) portu SATA sürücülərinin kompüterə qoşulması üçün istifadə olunur. İri həcmli informasiya ilə çalışanlar, xüsusilə də video və foto resurslarla işləyənlər üçün yüksək sürətli xarici yaddaş qurğularının əhəmiyyəti çox böyükdür. Əsasən də əgər söhbət qiqabaytlarla ölçülən informasiyanın arxivlənməsindən gedirsə, bu prosesin (köçürmə əməliyyatının) sürətli və daha az zaman alması lazımdır. Məhz bu məqsədlə eSATA portunun istifadəsi daha məqsədəuyğundur və o USB 3.0 portu ilə müqayisədə daha yüksək performans sərgiləyir.


 Qeyd edək ki, eSATA portu vasitəsilə saniyədə 6 gigabitə qədər informasiya ötürə bilir. Hazırda bu port müxtəlif RAID formatlarını dəstəkləyir.

Şəbəkə Portları

  Şəbəkə portları kimi ethernet, wi-fi və bluetooth portlarını qeyd etmək olar. Ethernet şəbəkə portu kompüteri naqilli şəbəkəyə qoşmaq üçün nəzərdə tutulmuşdur. Yəgin ki, ofislərdə və internet klublarda lokal şəbəkənin necə təşkil olunduğunu görmüsünüz. Şəbəkə kabellərinin bir ucu kompüterlərin ethernet portuna, digər ucu da hub və ya switch adlanan şəbəkə qurğusuna birləşdirilir. 


 Bu gün əksər fərdi kompüterlərdə ethernet şəbəkə portu ana plata daxilindədir. Əvvəllər isə bu port ayrıca platada yerləşirdi.


 Müasir ana platalarda əlavə olaraq Wi-Fi və Bluetooth portları da olur. 


 Əgər fərdi kompüterin ana platası bu portlarla təchiz olunmayıbsa, USB portuna qoşulabilən Wi-Fi və Bluetooth adapterlərindən istifadə oluna bilər.


Audio Portlar

 Audio portlar müxtəlif səs qurğularını (səsucaldıcı, mikrofon, player və s.) qoşmaq üçün nəzərdə tutulmuşdur. Hazırda bu portlar ana plata daxilində yerləşdirilir.


 Ana platanın modelindən asılı olaraq bu portların sayı 3-6 ola bilər. Bunlardan çəhrayı rəngdə olan port mikrofon,  mavi rəngdə olan port isə müxtəlif player və audio cihazların qoşulması üçün nəzərdə tutulmuşdur. Digər portlar isə çox kanallı səsulcaldıcı sistemlərin qoşulması üçündür.

 Əvvəllər isə analoq audio portlar ayrıca platada yerləşdirilirdi. Əslinə qalsa ana plataya kənardan qoşulan ayrıca səs kardları indi də var, lakin onlar daha güclü səs sistemləri ilə işləmək üçün nəzərdə tutulmuşdur.


 Analoq audio portlardan başqa bəzi kompüterlər rəqəmsal audio portlarla da təchiz olunurlar. Rəqəmsal audio portlardan ən geniş yayılmışı Toslink SPDIF konnektorudur. Yuxarıdakı şəkildə bu ən sağda yerləşən portdur. Sonda onu da qeyd edək ki, USB, DisplayPort 1.2 və HDMI portlarını da rəqəmsal audio giriş-çıxışlar üçün istifadə etmək mümkündür.

Video Portlar

 Ən geniş yayılmış və köhnə olmasına baxmayaraq (1987-dən etibarən) hələ də istifadə olunan video port VGA portudur. Əksər monitorlar və DVD kimi video qurğular qoşulmalarda VGA interfeysindən istifadə edirlər. VGA portu video kartın üzərində yerləşdirilir. Əksər kompüterlərdə video kart ana plata daxilindədir, lakin VGA üçün ayrıca plata da nəzərdə tutula bilər.


 1999-cu ildən etibarən VGA portlarını DVI portları əvəz etməyə başladı. DVI (Digital Visual Interface - rəqəmsal video interfeys) portu Digital Display Working Group. tərəfindən işlənib hazırlanmışdır və rəqəmsal monitorlar, televizor və proyektorların qoşulması üçün nəzərdə tutulmuşdur. Öz sələfi olan VGA portu ilə müqayisədə DVI portu görüntülü informasiyanı rəqəmsal formatda və daha keyfiyyətli şəkildə ötürür.


 Video portlar arasında müasir port sayılan HDMI portunu xüsusilə qeyd etmək lazımdır. 2002-ci ildə  Hitachi, Panasonic, Philips, Silicon Image, Sony, Thomson, RCAToshiba şirkətlərinin birgə səyi nəticəsində meydana gətirilən HDMI portu eyni zamanda həm yüksək dəqiqlikli rəqəmsal video-görüntünü, həm də çoxkanallı rəqəmsal audio-siqnalları ötürməyə imkan verir.


 Daha bir müasir port isə Mini-DisplayPort çıxışıdır. Apple şirkəti tərəfindən populyarlaşdırılan bu port hazırda yeni nəsil AMD Radeon HD 6000 və HD 7000 qrafik kartlarında platadaxili quraşdırılmışdır.


.

----------Məqalə hazırlanır---------